-
- Dünən, 22:16
- 106
Bu şəhərdə küçədə siqaret çəkmək… Qadağan ediləcək
İtaliyanın Milan şəhərində küçədə siqaret çəkmək qadağan ediləcək.
News24.az BBC-yə istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərində 1 yanvar 2025-ci ildən etibarən küçələrdə və açıq havada siqaret çəkmək qadağan ediləcək. Yeni qaydalara əsasən, siqaret çəkənlər ətrafdakı insanlardan ən azı 10 metr uzaq məsafədə olduqları halda bu qadağa tətbiq olunmayacaq. Qaydalara əməl etməyən şəxslərə 40-240 avro arasında cərimələr nəzərdə tutulub.
BBC xəbərinə görə, bu qərar 2021-ci ildən etibarən mərhələli şəkildə tətbiq edilən tənzimləmələrin davamı kimi həyata keçirilir. Əvvəlki qaydalar çərçivəsində avtobus dayanacaqlarında, parklarda və idman obyektlərində siqaret çəkmək qadağan edilmişdi. Yeni qərar xüsusilə insanların sıx toplaşdığı və 10 metrlik təhlükəsiz məsafənin qoruna bilmədiyi açıq məkanlarda siqaret istifadəsini məhdudlaşdırmağa yönəlib.
Digər tərəfdən, İtaliya Tütün Assosiasiyası bu qərarın yerli bələdiyyənin səlahiyyətində olmadığını və məsələnin milli səviyyədə müzakirə edilməli olduğunu bildirərək tənzimləməni məhkəməyə daşıyıb. Buna baxmayaraq Milan rəhbərliyi şəhər sakinlərinin sağlamlığını qorumaq üçün bu cür sərt addımlar atmağa davam edəcəyini vurğulayıb./sonxeber.az