Ağzı açıq yatmağın fəsadları
    • Bu gün, 18:25
    • 178

Ağzı açıq yatmağın fəsadları

Gecələr burunla nəfəs ala bilməmək, ağzı açıq yatmaq, xoruldamaq, tez-tez oyanmaq kimi şikayətləri olanların diqqətli olması məsləhətdir. Çünki əslində həmin vərdiş heç də xoş olmayan nəticələrə aparıb çıxara bilər.

News24.az  xəbər verir ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova AZƏRTAC-a deyib: “Ağzı açıq yatmaq uşağın üz-çənə quruluşuna təsir edərək dişlərin düzümünü pozur. Böyüklərdə isə ağzı açıq yatmaq ağız quruluğuna və dişlərə, ağız suyu vəzilərinə təsir göstərərək dişlərdə ərp və daşların yaranmasına səbəb olur”.

Onun dediyinə görə, ağzı açıq yatmaq vərdişinin formalaşması burun tənəffüsündə yaranan problemlərlə əlaqədardır. Lakin onun başqa səbəbləri də var. Çənə quruluşunda olan hər hansı problem də buna səbəb ola bilər.

Həkim-otolarinqoloq bildirib: “Burunda tıxanmalarının səbəbləri çoxdur. Çəpər əyriliyi, burunun anatomik quruluşu olan balıqqulaqlarında böyümə və şişkinlik, artıq ət, burun boşluğunda poliplər, bədxassəli və ya xoşxassəli şişlər zamanı həmin hal müşahidə edilməsi mümkündür. Belə halın uzun müddət davam etməsi ürək xəstəliklərinə aparıb çıxara bilər. Əgər səbəb sümükdə və ya qığırdaqda əyriliklə əlaqədardırsa, xəstənin şikayətləri çoxalır, hətta cərrahiyyə əməliyyatları qaçılmaz olur”.

Mütəxəssislərin dediyinə görə, burunla nəfəs almayanlar ağız yolu ilə davamlı nəfəs ala bilərlər, lakin burun havanı isidib nəmləndirərək ağciyərlərə ötürməklə yanaşı, qoxu və nitq funksiyasında da əhəmiyyətli rol oynayır. Burun deşiklərindən qəbul edilən hava yuxu keyfiyyətini artırıb xoruldamağı azaldır. Ağzı açıq yatanlarda xoruldama və yuxu aknesi deyilən yuxuda nəfəs dayanması daha çox müşahidə olunur. Çox vaxt burun tutulması müxtəlif yollarla müvəqqəti aradan qaldırılır. Yatmazdan əvvəl burun plastrlarından istifadə edilir. Həkim bu məsələyə də aydınlıq gətirərək deyib: “Plastr yapışdırılandan sonra tam rahat nəfəs alıb ağzı bağlı yatmaq mümkün olursa, burun balıqqulaqlarının böyük olduğu anlamına gəlməyə əsas verir. Sadəcə olaraq mexaniki təsir edir, yəni balıqqulaqlarını yana doğru çəkib nəfəsi çox olmasa da, müəyyən qədər açıq açır. Lakin o qədər də səmərəli vasitə deyil”.

Nəfəs idmanı etmək də sinir sisteminə müsbət təsir edərək gecə yaranan burun tıxanmalarının qarşısını alır. Həmçinin rahat nəfəs almaq üçün yuxuya getməzdən əvvəl spreylə burun təmizlənməsi də faydalı ola bilər.