-
- Dünən, 22:19
- 92
Sülh prosesini pozan addım: Ermənistan revanş istəyir
Ermənistan Baş naziri Nikol Paşinyan sülh prosesində səmimidirsə, ATƏT-in Minsk qrupu ilə bağlı məsələdə də Azərbaycanla eyni mövqedən çıxış etməlidir.
News24.az teleqraf.com- istinadən xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, politoloq Rəfail Becanov deyib.
“Ermənistan sülh prosesindən yayınmaqla regionda mövcud sabitliyi təhdid edir. Sülh olmadıqca, sabitlik də nisbi xarakter daşıyır. Ortada Ermənistanın ciddi şəkildə silahlanması və silahlandırılması faktı var. Ermənistanın regionda Azərbaycandan başqa digər ölkələrlə hərbi münaqişəsi olmadığından, məntiq bunu deməyə əsas verir ki, indiki silahlanmanın da hədəfi yenə Azərbaycandır. Buna görə də Ermənistan sülh danışıqlarından yayınır və müxtəlif bəhanələrlə prosesi əngəlləyir.
Müzakirə olunan sülh şərtləri isə regionla yanaşı, Ermənistan üçün də inkişaf düsturudur. Ermənistan şərtləri qəbul edərək sülh sazişini tezləşdirərsə, bu, onun regional layihələrdə iştirakına da imkan yarada bilər. Amma sülh bütöv olmalıdır. Yarımçıq sülh regionun gələcəyini təhdid edir. Nəzəri baxımdan sülh sazişi üçün real imkanlar görünsə də, razılaşdırılmayan məsələlər səbəbindən gələcək üçün təhlükəli məqamlar qalmaqda davam edir”, - analitik vurğulayıb.
Rəfail Becanov Azərbaycanın sülhlə bağlı yanaşmasına da diqqət çəkib:
“Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə dediyi və xüsusi vurğuladığı məsələlər də həllini tapmalıdır. Çünki Azərbaycan sülh prosesininn fundamental əsaslarla təmin olunmasını istəyir, sülhün geridönməz olmasında, regionda sabitliyin müvəqqəti yox, daimi olmasında maraqlıdır.
Əgər Paşinyan hakimiyyəti sülh prosesində səmimidirsə, ATƏT-in Minsk qrupu ilə bağlı məsələdə də Azərbaycanla eyni mövqedən çıxış etməlidir. Minsk qrupu vaxtilə Qarabağ probleminin həlli üçün yaradılmışdı. Artıq o problem yoxdur. Minsk qrupu de-fakto olmadığı kimi de-yure də olmamlıdır. Amma Ermənistan hələ də revanş arzusundadır və Minsk qrupu ilə bağlı Azərbaycanın irəli sürdüyü təklifə razılıq verməməsinin əsl səbəbi də budur.
Reallıq başqa bir mənzərədir. Məsələn, Zəngəzur dəhlizi ilə əlaqədar Ermənistan hakimiyyətinin təmsilçilərindən fərqli-fərqli fikirlər eşidilir. Baş nazir bir söz deyir, onun komandasının üzvləri başqa bir fikir söyləyir. Faktiki olaraq, Ermənistanda qeyri-ciddi bir hakimiyyət var. Rabitəsiz, qeyri-ciddi siyasi dilentantizmlə üzbəüzük”.