-
- Bu gün, 14:18
- 99
D-8-in növbəti sammiti bu ölkədə keçiriləcək
İqtisadi Əməkdaşlıq Təşkilatının inkişaf etməkdə olan səkkiz İslam ölkəsinin (İslam Səkkizliyi, D-8) Qahirədə keçirilən XI sammitində üzvlüyün genişləndirilməsinə dəstək ifadə olunub və İndoneziya 2025-ci ildə sammitə ev sahibliyi edəcək ölkə müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə D-8 sammitinin yekunları üzrə dərc olunmuş Qahirə Bəyannaməsində deyilir.
Zirvə toplantısında iştirak edən ölkələrin liderləri və nümayəndə heyətləri D-8-in genişləndirilməsini dəstəklədiklərini bildiriblər və Azərbaycanın bu təşkilata tamhüquqlu üzvlüyünü alqışlayıblar.
Liderlər qlobal iqtisadi sabitliyə xələl gətirəcək və beynəlxalq hüququn prinsiplərini pozacaq D-8-ə üzv dövlətlərə qarşı tətbiq edilən hər hansı birtərəfli iqtisadi sanksiyalara qarşı çıxıb və onların ləğvini tələb ediblər.
Liderlər “sülhü və davamlı inkişafı təşviq etmək və əməkdaşlıq, qarşılıqlı hörmət və firavanlıq dəyərlərinə əsaslanan daha davamlı və əhatəli gələcək qurmaq üçün birgə işləmək” əzmlərini vurğulayıblar. D-8 ölkələri həmçinin inklüziv və ədalətli inkişafı təşviq etmək üçün kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, elm və texnologiya, sənaye, kiçik və orta sahibkarlığın inkişafı, infrastruktur, ticarət, investisiya və nəqliyyat da daxil olmaqla, əməkdaşlığın prioritet sahələrində tərəfdaşlıq əlaqələrini gücləndirməyi öhdələrinə götürüblər.
Bəyannamə həmçinin İndoneziyanın təşkilatın növbəti sədri kimi XII Sammitinə ev sahibliyi etmək təklifini alqışlayır.
Sammitdə D-8-ə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Livanın baş naziri Nəcib Mikati, Fələstin prezidenti Mahmud Abbas və Azərbaycanın baş naziri Əli Əsədov da iştirak ediblər.
Qeyd edək ki, İslam Səkkizliyi 1997-ci il iyunun 15-də İstanbulda təşkilata “üzv ölkələrdə rifahı artırmaq və sülhü təmin etmək” məqsədi ilə yaradılıb. D-8-in yaradılmasının təşəbbüskarı Türkiyənin baş naziri Nəcməddin Ərbakan olub.
Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistanın, eləcə də Türkiyənin üzv olduğu Təşkilatın Katibliyi İstanbulda yerləşir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan D-8 ölkələrinin ümumi əhalisi təqribən 1,2 milyarddır və onların ümumi xarici ticarəti 2,3 trilyon dollar təşkil edir ki, bu da dünya ticarətinin təxminən 5 faizinə bərabərdir.
D-8 beynəlxalq çərçivədir və məqsədi üzv ölkələr arasında inkişaf əməkdaşlığını təşviq etmək və ticarət əməkdaşlığını artırmaqdır.
D-8-in digər məqsədlərinə üzv ölkələrin qlobal iqtisadiyyatda mövqeyinin yaxşılaşdırılması, ticarət əlaqələrində fərqli və yeni imkanların müəyyənləşdirilməsi, beynəlxalq qərarların qəbulu proseslərində iştirakın artırılması və həyat səviyyəsinin yüksəldilməsi daxildir.
Aynurə