“Fransa regionda davamlı sülhə ziyan vurur” - Pərvanə Vəliyevə
    • Bu gün, 14:22
    • 103

“Fransa regionda davamlı sülhə ziyan vurur” - Pərvanə Vəliyevə

Ikinci Qarabağ müharibəsindən sonra Fransa tərəfindən əsassız ittihamlar və düşmənçilik səbəbindən Azərbaycan və Fransa arasında münasibətlər kəskin şəkildə pisləşib. Bu böhranın təşəbbüskarı biz deyil, Fransa hökumətidir. Fransanın Azərbaycana əsassız hücumları ikitərəfli münasibətləri böhran səviyyəsinə çatdırıb. Burada xüsusilə Fransanın indiki hakimiyyətinin haqsız addımlarını Azərbaycana qarşı “soyuq müharibə” kimi qiymətləndirmək olar". 


Bu sözləri News24.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O vurğulayıb ki, Fransa regionumuzda militarizasiya siyasəti həyata keçirir: “Ermənistanı müasir hücum təyinatlı silahlarla təmin edir, üzv olduğu bütün beynəlxalq təşkilatlarda anti-Azərbaycan gündəliyi və qətnamə layihələri irəli sürür: "Fransa hökuməti Ermənistanı hərbi baxımdan gücləndirərək, regionda balansı pozmağa çalışır. Müasir hücum təyinatlı silahların Ermənistana ötürülməsi yalnız regional sabitliyi pozmur, həm də gələcəkdə yeni gərginlik və müharibə riskini artırır. Bu, Fransanın münaqişəni həll etmək yerinə onu dərinləşdirdiyinə dair bir sübutdur". 

Deputat qeyd edib ki, Azərbaycanın regionda əldə etdiyi qələbə və ərazi bütövlüyünün bərpası bəzi xarici qüvvələr, o cümlədən Fransa tərəfindən mənfi qarşılanıb: "Fransa hökuməti Ermənistanı açıq şəkildə dəstəklədiyi və Azərbaycana qarşı ittihamlarla çıxış etdiyi üçün iki ölkə arasındakı münasibətlər ciddi zərbə alıb. Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərdiyi halda Fransa tərəfindən əsassız şəkildə hədəfə alınıb".

Pərvanə Vəliyevanın sözlərinə görə, 20 oktyabr 2022-ci ildə iki aylıq müddətə yaradılmış Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının müddəti bitdikdən sonra Fransanın öncüllüyündə və Azərbaycan tərəfinin razılığı olmadan ona 2023-cü ildə daha iki il müddətinə mandat verilib: "Fransanın təşəbbüsü ilə təşkilatın Ermənistandakı Missiyasının şəxsi heyətinin sayının 138-dən 209 qaldırılması barədə qərar qəbul edilib. Hazırda onun əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Fransa ölkəmizə qarşı olan bu “binokl diplomatiyası”nın əsas lokomotividir. 

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə ilə bu məsələyə toxunmuşdu. O qeyd etdi ki, “İki aylığına 40 nəfər yerləşdiriləcəkdi. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”.

11 oktyabr 2023-cü ildə Fransa BMT TŞ-nin Ermənistan-Azərbaycan mövzusunda qətnamə layihəsini irəli sürüb. Hətta Ermənistan özü bu təşəbbüsdə iştirak etməyib. Layihə TŞ üzvləri tərəfindən dəstəklənməyib. Fransa ilkin irəli sürdüyü və anti-Azərbaycan mahiyyətli layihəyə sonradan bəzi düzəlişlər etmək məcburiyyətində qalsa belə, yenə də sənədin qəbulu üçün tələb olunacaq sayda üzv ölkənin dəstəyini təmin etməyə nail olmayıb". 

Fransa mediasında Azərbaycan əleyhinə kampaniyanın geniş vüsət aldığını bildirən deputat qeyd edib ki, fasiləsiz anti-Azərbaycan verilişləri yayımlanır və məqalələr dərc edilir: "Fransanın Azərbaycana qarşı ittihamları Ermənistanın ölkəmizə qarşı ittihamlarından daha kəskin xarakter daşıyır. "France24" ən fəal anti-COP29 kampaniyası aparan media qurumlarından biri olmuşdur. COP29-un boykot edilməsi, habelə dövlət və hökumət başçılarının Azərbaycana səfər etməməsi üçün həm diplomatik, həm də media müstəvisində Fransa tərəfindən geniş və hərtərəfli pozuculuq fəaliyyəti aparılıb. COP29 dövründə və onun yekunlarına qarşı geniş şəkildə mətbuatda qarayaxma kampaniyası aparıb".


Ağa Dadaşzadə