“Dəmir adam” hazırlandı
    • Dünən, 20:43
    • 134

“Dəmir adam” hazırlandı

Cənubi koreyalı tədqiqatçılar iflic olan istifadəçilərə yeriməyə, maneələri dəf etməyə və pilləkənlərə qalxmağa imkan verən yüngül, daşına bilən robot hazırlayıblar.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) Ekzoskelet laboratoriyasının komandasının məlumatına görə, onların məqsədi əlilliyi olan insanların gündəlik həyatına asanlıqla inteqrasiya oluna bilən robot yaratmaqdır.

“Özü də ayaq iflicindən əziyyət çəkən və KAIST komandasının üzvü olan Kim Sın Hvan ona 3,2 km/saat (2 mil/saat) sürətlə yeriməyə, pilləkənləri qalxmağa və skamyaya sürüşmək üçün yan addımlar atmağa kömək edən prototip nümayiş etdirib”, - deyə “Reuters” yazır. “Bu robot harada olmağımdan asılı olmayaraq, əlil arabasında otursam da yanıma gələ bilər və ayağa qalxmağa kömək edə bilər ki, bu da onun fərqləndirici xüsusiyyətlərindən biridir”, - deyə Kim bildirib.

“WalkON Suit F1” adlanan aktiv ekzoskelet alüminium və titandan hazırlanıb, çəkisi 50 kiloqramdır və yerişi zamanı insan oynaqlarının hərəkətini simulyasiya edən 12 elektron mühərriklə təchiz edilib. Gəzərkən istifadəçinin tarazlığını təmin etmək üçün robot altlıqda və bədənin yuxarı hissəsində saniyədə min siqnalı izləyən və istifadəçinin ehtimal edilən hərəkətlərini proqnozlaşdıran sensorlarla təchiz edilib. Robotun ön hissəsindəki linzalar tam paraplegiyalı istifadəçilərdə hissiyyat qabiliyyətinin çatışmazlığını kompensasiya edərək, ətraf mühiti təhlil edən, pilləkənlərin hündürlüyünü müəyyən edən və maneələri aşkar edən göz rolunu oynayır.

KAIST komandasının digər üzvü Pak Çon Sunun sözlərinə görə, o, “Dəmir adam” filmindən ilhamlanıb, ona baxdıqdan sonra real həyatda robot vasitəsilə insanlara kömək etməyin gözəl olacağını düşünüb.

Kim Sın Hvan “Cybathlon 2024”də ekzoskelet kateqoriyasında “WalkON Suit F1” kostyumunu geyinərək qızıl medal qazanıb. Orada müxtəlif imkanları məhdud olan tərtibatçılar səkkiz kateqoriyada robot köməkçilərini nümayiş etdiriblər.