Quru saçları canlandıran ÜSULLAR
    • Dünən, 17:04
    • 140

Quru saçları canlandıran ÜSULLAR

Yanlış qulluq vasitələrinin istifadəsi, çox isti su ilə yuyulması, soyuq havanın təsiri və s. kimi bir çox fərqli səbəblə saçlarımız təbii yağ balansını itirə bilər. Saçlarımızın ehtiyac duyduğu təbii yağı geri qaytarmaq üçün kimyəvi tərkibli qulluq məhsullarından istifadə çox vaxt gözlənilən effekti vermir.

News24.az saç baxımını daha sağlam edən təbii üsulları təqdim edir:

Arqan yağı: Arqan yağı və badam yağı kimi təbii yağlar saçda itirilmiş yağ balansını bərpa etməyə kömək edir. Saç tipinizə ən uyğun təbii yağı seçib ucdan uca qədər masaj edərək saçlarınıza çəkə bilərsiniz.

Avokado: Avokado omeqa-3 yağ turşuları ilə zəngindir və saçda təbii yağ balansını bərpa etməyə kömək edir. Saçlarınızı avokado ilə canlandırmaq üçün ilk olaraq yetişmiş avokadonu əzin. Sonra bir qaşıq təbii badam yağı əlavə edin. Bu qarışığı saçlarınızın köklərinə çəkin və 20-30 dəqiqə gözləyin. Daha sonra saçınızı isti su ilə yaxalaya bilərsiniz.

Alma sirkəsi: Alma sirkəsi saçda pH balansını bərpa etməyə kömək edir və saçın nəm saxlamasını təmin edir. Saçda təbii yağ balansını bərpa etmək üçün yarım stəkan alma sirkəsi və bir stəkan suyu qarışdırın. Saçınızı yaxalamaq üçün əldə etdiyiniz təbii qarışımdan istifadə edə bilərsiniz.

Aloe vera: Aloe vera saç tellərini nəmləndirir, eyni zamanda onlara təbii yumşaqlıq verir. Bundan əlavə, aloe vera saçların qıvrılmasının qarşısını alır. Saçınıza təbii aloe vera geli çəkib 30 dəqiqə gözlədikdən sonra yaxalaya bilərsiniz. Müntəzəm tətbiq ilə bu proses saçdakı quruluğu aradan qaldırır.

Kokos yağı: Kokos yağı saçın təbii nəmini bərpa etməyə kömək edir. Saçlarınızı kokos yağı ilə nəmləndirmək üçün həftədə bir dəfə kokos yağı ilə saçlarınızı uclarından köklərinə qədər masaj edin. Yağ saçınızda təxminən 1 saat qaldıqdan sonra saçınızı yaxalaya bilərsiniz.

Bal və zeytun yağı: Bal nəmləndirici, zeytun yağı isə qidalandırıcı təsirə malikdir. Bu iki təbii qulluq məhsulunu birləşdirərək əldə edilən qarışım saçda nəm balansını bərpa etməyə kömək edir. İki xörək qaşığı zeytun yağını bir xörək qaşığı bal ilə qarışdırın və yaranan qarışımı saçınıza çəkin. 30 dəqiqə gözlədikdən sonra saçınızı yaxalaya bilərsiniz.


Məryəm İlhamqızı