-
- 30-12-2024, 00:28
- 156
3 gün qızdırma, hərarət 40°... - “Uşaqlar üçün daha təhlükəlidir!”
Hər il payız-qış aylarında olduğu kimi, qrip virusu yayılıb. Həkimlər qeyd edir ki, yayılan xəstəlik "influenza A" adlı qrip virusudur.
Mövcud vəziyyəti “Yeni Sabah”a şərh edən infeksionist Aytən Ziyadova sözügedən xəstəliyin uşaqlar üçün daha təhlükəli olduğunu vurğulayıb:
“Uşaqlarda influenza A bəzən daha ciddi ağırlaşmalara və uzunmüddətli təsirlərə səbəb olur. Bu, xüsusilə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, yaşlı insanlar və immuniteti zəif olan şəxslər üçün daha risklidir.
Uşaqlarda ağırlaşmaların əlamətləri, əsasən, yüksək hərarət, tənəffüs problemləri, nevroloji problemlər, böyük zəiflik və yorğunluq, dehidrasiya kimi müşahidə oluna bilər”.
A. Ziyadova bildirib ki, yüksək hərarət 3 günə qədər davam edir:
“Çox zaman qızdırma ağrılarla birlikdə olur. Hərarətin 39-40°C-yə yüksəlməsi, xüsusilə, azyaşlılarda təhlükəli ola bilər. İnfluenza A bronxit, pnevmoniya və digər tənəffüs yolu infeksiyaları ilə ağırlaşa bilər. Bu, öskürək, nəfəs darlığı, göğüs ağrısı və tənəffüs çatışmazlığı ilə müşayiət olunur.
Bəzi uşaqlarda qrip, nevroloji simptomlarla da müşayiət edilə bilər. Bu, başgicəllənmə, yuxu pozulmaları, konvulsiyalar (çəkilmələr) və digər sinir sistemi problemlərini əhatə edə bilər. Uşaqların bəzilərində influenza A uzun müddət davam edən yorğunluğa və zəifliyə səbəb ola bilər. Uşaqlar, xüsusilə, ishal və qusma müşahidə edildikdə, bədənlərində maye itkisi yaşaya bilərlər ki, bu da dehidrasyona gətirib çıxara bilər.
Ağırlaşmalara səbəb ola bilən risk qruplarına immun sistemi zəif olan azyaşlılar, xüsusilə xroniki xəstəlikləri (astma, şəkərli diabet, ürək xəstəlikləri və s.) olan uşaqlar və kiçik yaş qrupları aiddir”.