-
- 6-01-2025, 17:25
- 3 103
Dollar sürətlə ucuzlaşır - SON MƏLUMAT
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın idxala yalnız məhdud tariflər tətbiq etməyi planlaşdırması ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra dollar avro və funt sterlinq qarşısında kəskin ucuzlaşmağa başlayıb.
News24.az xarici agentliklərə istinadən xəbər verir ki, bu gün günortadan sonra keçirilən valyuta hərraclarında dolların altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç krona) qarşı performansını göstərən ICE DXY indeksi 0,9 faiz, daha geniş WSJ Dollar İndeksi 0,66 faiz itirib.
Avro ötən cümə günü ticarətin bağlanışında 1,0309 dollara qarşı 1 faiz möhkəmlənərək 1,0410 dollara yüksəlib. Funt sterlinq də təxminən 1 faiz möhkəmlənir əvvəlki hərraclardakı 1,2423 dollara qarşı 1,2541 dollara satılır.
Yapon yeninə qarşı dolların məzənnəsi əvvəlki ticarətin sonundakı 157,3 yenə qarşı 157,1 yen təşkil edir.
“Washington Post”un üç məlumatlı mənbəyə istinadən yazdığı kimi, Trampın köməkçiləri ABŞ-a idxala tariflərin tətbiqi sxemi hazırlayırlar. Sxemdən aydın olur ki, tariflər yalnız milli və iqtisadi təhlükəsizlik üçün xüsusi əhəmiyyət kəsb edən bəzi mallara şamil ediləcək./Musavat.com