Sulutəpədəki məktəbin şagirdləri niyə tez-tez xəstələnir? - İDDİA
    • Bu gün, 12:32
    • 89

Sulutəpədəki məktəbin şagirdləri niyə tez-tez xəstələnir? - İDDİA

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən E.Sultanov adına məktəbdə acınacaqlı vəziyyət hökm sürür.

News24.az xəbər verir ki, bu barədə Bakuplus.az-a məlumat verən Sulutəpə sakinlərinin bildirdiyinə görə, sinif otaqlarının qapı və pəncələri tamamilə köhnəlib. Pəncələrin köhnə olması səbəbindən sinif otaqlarının qızdırılması ciddi problemə çevrilir. Məktəbin istilik təminatında da problemlər olduğundan şagirdlər tez-tez xəstələnir, davamiyyət aşağı düşür. Məktəbdəki qapılar o qədər köhnədir ki, hər an aşıb şagirdlərin üstünə düşə bilər. Amma məktəbin problemləri bununla da bitmir. Valideynlər deyirlər ki, direktor məktəbi idarə edə bilmir, müəllimlərin davamiyyətində, işə yanaşmasında, şagirdlərə münasibətində nöqsanlar mövcuddur. Sakinlərin iddiasına görə, müəllimlər istədikləri vaxtlarda işə gəlirlər, tutaq ki hansısa gün müəllimin kefi olmursa, məmnuniyyətlə işə gəlməkdən imtina edir.

Xatırladaq ki, adıçəkilən məktəb 1963-cü ildən fəaliyyət göstərir. 2006-cı ilədək əsas ümumi təhsil məktəbi kimi fəaliyyət göstərən müəssisə 2006-2007-ci tədris ilindən tam orta məktəb kimi fəaliyyətə başlayıb. Şagird sıxlığını nəzərə alaraq 2010-cu ildən məktəbin yeni tədris korpusu tikilib istifadəyə verilib. Məktəb 2 korpusdan ibarətdir. Ən maraqlı məqamlardan biri də odur ki, şagird tutumu 1060 yer olmasına baxmayaraq məktəbdə 2790 şagird təhsil alır.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən saytımıza bildirilib ki, məktəb binasının hər iki korpusunda sinif otaqları istiliklə təmin olunur: “Məktəbin binası sonuncu dəfə 2010-cu ildə əsaslı təmir edilib. Bir sıra plastik qapı-pəncərənin bəzi hissələrində fiziki təsirlərdən yaranan problemlər vaxtaşırı aradan qaldırılır və təhsilalanların təhlükəsizliyinin təmin olunması məsələləri diqqət mərkəzində saxlanılır. Məktəbin yerləşdiyi ərazi üzrə əhali sıxlığı səbəbindən hazırda tədris ocağında 2790 şagird təhsil alır”.