Yasamalda aparılan söküntü işləri icazə olmadan həyata keçirilib
    • 27-03-2025, 15:25
    • 392

Yasamalda aparılan söküntü işləri icazə olmadan həyata keçirilib

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilmiş və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birgə dayandırılmış və aktlaşdırılmışdır. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.