Gecə növbəsində işləyənlərin NƏZƏRİNƏ: Əslində maaşınız...
    • 27-03-2025, 18:05
    • 851

Gecə növbəsində işləyənlərin NƏZƏRİNƏ: Əslində maaşınız...

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli fəaliyyət rejiminə görə əmək haqqı Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Elşad İsayev səsləndirib.

“Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq yuxarıda qeyd edilən həddə (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla), digər müəssisə, idarə və təşkilatlarda isə kollektiv və ya əmək müqavilələrində nəzərdə tutulmaqla həmin həddən aşağı olmayaraq ödənilir. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilir”.

Hüquqşünas qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır.

“Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İşin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş rejimi axşam növbəsi hesab edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilən digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmir. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşı ödəniş aparılan ayın iş vaxtı normasına bölünür. Gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı belə iş şəraitli bütün kateqoriyadan olan (rəhbərlər, mütəxəssislər, texniki icraçılar və fəhlələr) işçilərə ödənilir”.