
-
- 28-03-2025, 10:34
- 363
Leyla və Arzu Əliyevalar şəhid ailələri ilə görüşdü
"Ramazan ayında Leyla Əliyeva və Arzu Əliyevanın 1500-dən çox şəhid anası və şəhid ailələri ilə görüşü onlara böyük təsəlli oldu, bu görüş qəlbləri isindirən unudulmaz anlarla yadda qaldı".
News24.az xəbər verir ki, bu fikirləri “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanov deyib. O vurğulayıb ki, Şəhidlər – azadlığımızın, suverenliyimizin əbədi keşikçiləridir:
"Onların ailələri isə bizə əmanətdir. Bu müqəddəs Ramazan ayında və Novruz bayramı günlərində şəhid analarına, şəhid övladlarına göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, onların fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaq".
C.Qurbanov deyib: "Beş ildir ki, həyata keçirilən “Mənim Oğlum Qəhrəmandır” və “Mənim Atam Qəhrəmandır” layihələrinin əsas məqsədi təkcə şəhid ailələrinə mənəvi dayaq olmaq deyil, həm də Vətən uğrunda canını fəda edən igidlərimizin adını yaşatmaqdır. Bu layihələr hər şeydən əvvəl milli birliyimizin təcəssümüdür. Heydər Əliyev Fondunun dəstəyi ilə son iki həftə ərzində keçirilən tədbirlər – şəhid anaları üçün təşkil olunan 8 Mart iftar süfrələri və “Şahdağ” Turizm Mərkəzində şəhid övladları üçün təşkil edilən Novruz şənlikləri bu vəhdətin ən gözəl nümunəsi oldu. Azərbaycanın müxtəlif bölgələrindən gələn 1200-dən çox şəhid ailəsi bir araya gəldi. Onlar bir-birilərinə təsəlli verdi, dövlətin qayğısını, millətin ehtiramını hiss etdilər. Bu tədbirlərin ən duyğulu anlarından biri isə məhz martın 4-də və 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın şəhid anaları ilə görüşü oldu. Onların hərarətli qucağı, səmimi sözləri anaların qəlbinə işıq saçdı. “Siz tək deyilsiniz, Vətən sizə borcludur!” – bu sözlər sadəcə təsəlli deyildi, bu, şəhid ailələrinin göz yaşlarını qürurla silən, onların yaralarını Vətən sevgisi ilə sarıyan ümid işığı idi. Leyla və Arzu Əliyevalar şəhid analarının göz yaşlarını silərkən, onların dərin kədərini qürura çevirməyə çalışarkən, həmçinin “Şahdağ”da şəhid övladları ilə Novruz bayramını qeyd edərkən bir daha göstərdilər ki, bu ailələr hər zaman dövlətin, millətin diqqətindədir".
Layihə rəhbəri beş ildir bu layihələrə dəstək verən, şəhid ailələrinin hər zaman yanında olan Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərova şəhid ailələri adından dərin minnətdarlığını bildirib.
“Cənab Prezidentin ailə üzvlərinin şəhid ailələrinə göstərdiyi qayğı, sevgi, diqqət əvəzedilməzdir!” – deyə vurğulayan Cəlal Qurbanov, Anar Ələkbərovun sözlərini xatırladaraq qeyd edib ki, “Biz şəhid analarını və şəhid balalarını qorumalıyıq!”
"Bu müqəddəs missiya bir vətəndaş borcu olmaqla yanaşı, mənəvi dəyərdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələri daim ehtiramla yad edilməli, onların qurbanları heç zaman unudulmamalıdır. Bu layihələrin davamlı həyata keçirilməsində, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatələnməsində böyük dəstək olan Heydər Əliyev Fonduna və onun icraçı direktoru Anar Ələkbərova bir daha dərin minnətdarlığımı bildirirəm. Bu layihə birlik layihəsidir! O, xalqımızın həmrəyliyini, şəhid ailələrinə olan ehtiramını və Vətən sevgisini özündə birləşdirir. Biz birlikdə daha güclüyük və şəhidlərimizin əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur. Birlik, sadəcə bir araya gəlmək deyil, eyni ürək döyüntüsü ilə yaşamaq, eyni dəyərləri qorumaqdır. Bu birlik bizim millət olaraq gücümüzdür, şəhid ailələrinə verdiyimiz mənəvi dayaqdır. “Bəli, biz şəhid əmanətlərini qorumalıyıq! Onların hər biri bizə Vətənin müqəddəs yadigarıdır və bu yadigarları yaşatmaq, onlara sahib çıxmaq bizim ən ümdə vəzifəmizdir! Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsi hər zaman bizimlədir, və onların ruhu əbədi yaşayacaq!"- C.Qurbanov qeyd edib.





