İmpotentliyə qarşı unikal əməliyyat  - Azərbaycan TİBBİNDƏ İLK
    • 5-08-2019, 15:25
    • 669

İmpotentliyə qarşı unikal əməliyyat - Azərbaycan TİBBİNDƏ İLK

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb.

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib.

Bildirilib ki, ilk dəfə olaraq bu əməliyyat peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.

Əməliyyat uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov tərəfindən həyata keçirilib. Professor İ. Əhmədov bildirib ki, üç parçalı penil protez implantasiyası heç bir müalicəyə tabe olmayan ağır formalı impotentliyin (erektil disfunskiya) yeganə və ən effektli müalicə üsuludur: “Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə uğurla evə yazılıb. Penil protezlər zamanı ağırlaşma infeksiya ola bilər ki, buna görə hətta protez çıxarıla da bilər”.

O qeyd edib ki, xəstənin cinsi orqanına yerləşdirilən penil protez üç hissədən -  iki sintetik silindr, bir rezervuar və nasosdan ibarətdir.
Xatırladaq ki, bu tip əməliyyatlar Azərbaycanda ilk dəfə olaraq məhz professor İ. Əhmədov tərəfindən 2007-ci ildən həyata keçirilir. //APA