Adın karması: Ad dəyişmək xoşbəxtlik gətirirmi?
    • 5-04-2025, 22:36
    • 317

Adın karması: Ad dəyişmək xoşbəxtlik gətirirmi?

Bəzi insanlar həyatlarında mənfi hadisələr yaşadıqda, irəliləyə bilmədiklərini hiss etdikdə və ya "köhnə enerjidən" qurtulmaq istədikdə adlarını dəyişərək yeni bir başlanğıc əldə edəcəklərinə inanırlar. Bu zaman təkcə rəsmi sənədlərdəki ad deyil, həm də gündəlik həyatda insanların onu çağırma forması da dəyişir və bu, şəxsin özünü dərk etməsinə, yeni bir şəxsiyyət formalaşdırmasına psixoloji təsir göstərə bilər.

Xüsusilə də bir uşağa artıq vəfat etmiş yaxın qohumun adının verilməsi bəzən onun həmin şəxsin həyatını təkrar yaşayacağına dair narahatlıqlar doğurur. Bu inanc qədim köklərə dayanır və “adın karması” anlayışını önə çıxarır.

Bəs bu doğrudanmı belədir? Ad həqiqətən insanın taleyinə təsir edir, yoxsa bu, sadəcə mifik düşüncənin bir uzantısıdır?

Psixoloq Vüsalə Rüstəm bu haqda vacib məqamlara Yenisabah.az-a açıqlamasında aydınlıq gətirib. O, bildirib ki, ad insana doğulduqdan sonra valideynləri tərəfindən verilir, insanın öz adını seçmək imkanı olmur, və bu, sosial statusdur:

“Hər bir toplumun özünə məxsus adları vardır. Bəzi dinlərdə insanlar hesab edirlər ki, insanın adını çəkməklə insanın taleyinə dəyişdirmək mümkündür. Onun üçün də uşağın əsl adını gizlədərmişlər, amma bu fikir özünü doğruldan fikir deyil. Valideynlər bəzən uşağa çox qədim baba- nənə adlarını verirlər ki, bu da uşağa böyüdükdən sonra böyük psixoloji problemlər yaradır. Uşaq hər adı çəkiləndə utanır, təklənir, ad lağ mənbəyinə çevrilir. Bunun üçün də uşağa onun utanacağı adı qoymaq olmaz. Bəzi dinlərdə adı insanın taleyi hesab edirlər. Bu belədir? Deyil.

Düşünün, uşaqlarına Kamal, Məhəmməd, Əli, Marks, Puşkin və s. adlar qoyan insanlar olub ki, guya uşaqları da həmin insanlara bənzəsinlər. Nəticə etibarı ilə bu adlardan çox sayda neqativ iş görən hətta cinayətkar olan insanlar görmüşük. Ad insana heç bir xoşbəxtlik və bədbəxtlik gətirmir. Ada dəyər verən onu daşıyan insandır”.

Psixoloq onu da vurğulayıb ki, ölən qohum, baba- nənə adları valideynlər tərəfindən könüllü olaraq uşağa verildikdə bu o demək deyil ki, uşaq da həmin insanların taleyini yaşayacaq:

“İnsan taleyi ada bağlı deyil. Rəhmətə gedən insanların adı gələcəkdə uşağı utandırmayacaqsa adı verə bilərlər, əks halda valideynlər uşağa utanc yükünü yükləməməlidirlər. Çox zaman belə utanılacaq adları uşaq özü böyüyəndən sonra məcbur qalıb dəyişir, bu dəyişim isə sırf adın səslənərkən gətirdiyi psixoloji gərginliklə bağlıdır, taleyinə təsiri yoxdur

Heç bir adın karması ola bilməz. Karmik düşüncəni yaradan insan özü və enerjisidir”.