Azərbaycanın rayonlarında bəzi sakinlər evlərini tərk edirlər – Səbəb
    • 7-04-2025, 00:12
    • 842

Azərbaycanın rayonlarında bəzi sakinlər evlərini tərk edirlər – Səbəb


Son zamanlar Azərbaycanın rayonlarında yeni mənzillər inşa edilsə də, boş qalır. Belə ki, sakinlərin bir qismi işləmək üçün şəhərə axın edir. Şəhər əhalisinin müəyyən hissəsi isə rayonlardan torpaq almağa, fərdi ev tikməyə maraq göstərir.

Bu prosesin səbəbləri nələrdir? Gələcək üçün nə vəd edir?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, Azərbaycanda urbanizasiya – kənd və rayon əhalisinin böyük şəhərlərə axını olduqca yüksək səviyyədədir.

Onun sözlərinə görə, regionlardan asılı olaraq orta hesabla urbanizasiya hər il 2-3 faiz artır:

“Kənd və rayon əhalisi daha çox Bakı şəhərinə köçür. Bu proses də stabil olaraq hər il 3-4 faiz artır. Mövcud vəziyyət hər zaman olub. İqtisadi vəziyyət qeyri-stabil olanda, regionlarda həyat tərzi çətinləşəndə qeyd etdiyim rəqəm daha çox artır. Ümumiyyətlə, əhalinin əksəriyyəti böyük şəhərlərə getməkdə maraqlıdır. Bir çox vətəndaşlar kənd təsərrüfatı imkanlarından istifadə edə bilmirlər, imkanları məhdudlaşır və sair. Həm də çoxları bu sahədə əziyyət çəkmək istəmirlər. Ona görə də rayon camaatı böyük şəhərlərə köçür, evlərini kirayə verir və ya satırlar. Bəzi hallarda belə əmlaklar uzun illər baxımsız qalır”.

Ekspert bildirib ki, Ukrayna müharibəsindən sonra ölkəyə qayıdan bir çox vətəndaşlar öz dədə-baba yurdlarında əmlak almaqda, inşa etməkdə maraqlıdırlar:

“Bu isə urbanizasiyadan fərqli olaraq daha azdır. Kənd və rayonlardan Bakı şəhərinə axın dəfələrlə çoxdur”.