
-
- 8-04-2025, 21:48
- 237
Bəzi meyvələr niyə bahalaşıb?
Son illərdə bazarlarda bəzi meyvələrin öz mövsümlərindən əvvəl satışa çıxarılması adi hala çevrilib. Xüsusilə yaz aylarında alça, çiyələk kimi meyvələrin erkən görünməsi alıcıların diqqətini cəlb etsə də, qiymətlər sözün əsl mənasında cib yandırır. Məsələn, bu günlərdə bazarda alçanın bir kiloqramı 100 manata qədər təklif olunur.
İqtisadçı ekspert Ləman Rüstəmova Metbuat.az-a açıqlamasında bildirib ki, burada başlıca amil bazar tələbi ilə bağlıdır:
“Bəzi insanlar arasında mövsümündən əvvəl hansısa meyvəni almaq prestij məsələsi sayılır və daha tez dadmaq istəyirlər. Başqa bir nümunədə isə hamilə qadınları misal çəkə bilərik. Beləliklə, müxtəlif səbəblərdən tələb artır və bu da qiymətə təsir edir. Bundan başqa, hazırda bəzi meyvələrin daha baha satılmasının digər bir səbəbi də istehsal xərcləridir. Həmin meyvələrin yetişdirilməsi çətin, zəhmət və maliyyə tələb edən prosesdir. Çünki daha çox xüsusi istilik sistemləri, süni işıqlandırma vasitəsilə yetişdirilir və bu da daha çox enerji sərfiyyatına gətirib çıxardır. Eyni zamanda işçi amili və texniki vasitələrin də rolu var. Bütün bunlar maya dəyərini artırır və nəticədə yüksək qiymətə təklif edilir”.
L.Rüstəmovanın sözlərinə görə, həmin dövr ərzində bazarda bu meyvələrə alternativ məhsulların azlığı və ya heç yoxluğu da qiymət artımına təsir edir:
“Həmçinin bəzən mövsümündən əvvəl satışa çıxarılan meyvələr xarici ölkələrdən Azərbaycana gətirilir. Bu halda əlavə daşınma, gömrük, saxlanma kimi xərclər qiyməti artırır. Nümunə olaraq, çiyələk yaz aylarında yetişən bir meyvədir. Ancaq bəzi fermerlər onu qış aylarında xüsusi istixanalarda yetişdirib bazara çıxarır. Bu da ona qulluq xərclərini artırır və baha qiymətə satılmasına səbəb olur. Yaxud gavalı yay mövsümünün meyvəsidir, lakin bəzi böyük marketlərdə indidən gavalını görmək olur. Demək, ya xaricdən gətirilib, ya da süni şəraitdə yetişdirilib. Bütün bunlar bazar iqtisadiyyatının təbii qaydalarına uyğun olaraq baş verir. İnsanlar arasında tələbatın çox, təklifin az olması biznes üçün əla fürsətə çevrilir”.
İqtisadçı qeyd edib ki, hər il olduğu kimi, yenə də mövsümü yaxınlaşanda meyvələrin qiyməti enəcək.