
-
- 8-04-2025, 23:48
- 2 025
100 ildən çox yaşayan balıq
Ratresk Universitetinin müəllimi, təkamülün bioloji əsaslarını araşdıran alim Skott Travers “Forbes” nəşrinə qeyri-adi növ sayılan şirin su balığı haqqında məqalə yazıb.
News24.az xəbər verir ki, məqalənin müəllifi ABŞ-da və Kanadada rast gəlinən, çirklənməyən göllərdə, çaylarda yaşayan iri ağızlı camış balığından söz açıb.
Bioloqun qeyd etdiyi kimi camış balıqlarının bəzi populyasiyaları demək olar ki, yarım əsrdən çoxdur bir dənə də olsun yeni nəsil görməyib. Amma Şimali Amerika sularında yaşayan, 100-120 ildən artıq ömür sürən bu balıqlar fizioloji qocalmadan tam xəbərsizdirlər və rahatca inkişaf edirlər.
Alim Traversin verdiyi məlumata görə, camış balıqlarının mis və ya zeytun rəngli pulcuqları var. Alim camış balığının uzunluğunun təxminən 122 santimetrdən çox, çəkisinin isə dəyişməz qaldığını, yəni 36 kiloqram olduğunu bildirib.
Bioloqun izahında deyilir ki, bu balıqlar önə baxan ağzı olan süzgəc qidalandırıcılardır. Belə ki, bioloqun fikrincə, camış balıqları üzüb ov ovlamaqdansa, planktonu udmağa üstünlük verir. Bu balıqlar bir çox digər şirin su balıqlarından fərqli həyat tərzi sürür, həmçinin mövsümdə müntəzəm çoxalmaq əvəzinə yetkinliyin keçid dövrünü yaşayır. Çünki iri ağızlı camış balıqlarının populyasiyaları uğurlu nəsillər arasında onilliklərlə keçir.
Skott Travers yazır ki, Kanadanın Kappell çayının sistemində bu balıqların populyasiyasını geniş araşdıran alimlərin gəldiyi son nəticə belədir: camış balıqları növündən olan su canlılarının əksəriyyəti 20-ci əsrin ortalarından əvvəl doğulub. Traves yazır: “Çox qəribə görünsə də, bu, tamamilə təkzibedilməz elmi bir dəlildir. Üstəlik, 2018 və 2021-ci illər arasında müşahidə edilən 52 fərddən yalnız bir balıq tamamilə fərqli, çox cavan idi, çünki bu yeganə camış balığı 1997-ci ildən sonra doğulmuşdu. Bunun səbəbini isə belə izah etmək olar ki, bu çox böyük ağızlı camış balığı əslində qocalmayan bir nəslin nadir reproduktiv müvəffəqiyyət dövrlərinə uyğunlaşması nəticəsində dünyaya gəlib. Çünki uğurlu kürü tökmə üçün balıqlar son vaxtlar bitki örtüyü ilə örtülmüş təmiz sulardakı +15,5 ilə +18,3 °C arasındakı temperatur diapazonu kimi xüsusi bir ekoloji mühitin göstəricilərinə daim ehtiyac duyur. Bu amillərdən hər hansı biri uğursuz olarsa, bir camış balığı belə yumurtadan sağ çıxa bilməz”.
Skott Travers daha sonra qeyd edir ki, bu nadir növün qorunması, tədqiq edilməsi üçün elm adamları əlindən gələni edir.
2024-cü ilin sentyabrında tədqiqatçılar ABŞ-ın Minnesota ştatındakı bir ərazidə yerləşən Rays gölündə, Milli Vəhşi Təbiət Sığınacağında 390 növ balıq üzərində geniş araşdırma aparıb. Nəticədə məlum olub ki, böyük ağızlı camış balıq növlərinin 99,7%-nin yaşı 50-dən yuxarı, çoxunun 80-90, bəzilərinin isə 100-dən, hətta 120-dən çox yaşı var.
“Alimlər bildiriblər ki, bu cür qeyri-adi və tamamilə nadir göstəricinin əldə edilməsi elm aləmində çox böyük, həmçinin ilk yenilikdir. Əslində bu yaş quruluşu əksər balıq populyasiyaları üçün xarakterik hal deyil. Camış balığının qocalmadan ömür sürməsi, 100-120 il yaşaması həqiqətən də bu sahənin daha ətraflı araşdırılması ehtiyacından xəbər verir” – deyə Skott Travers camış balığını əsl möcüzə adlandırıb./Medianews.az