"Qurbanlıq qoyun baha da olsa, alıcı xırdaçılıq eləməməlidir"- Hacı Fuad Nurullayev
    • 7-08-2019, 10:55
    • 1 074

"Qurbanlıq qoyun baha da olsa, alıcı xırdaçılıq eləməməlidir"- Hacı Fuad Nurullayev

Bayram namazı avqustun 12-də saat 09:00-da qılınacaq.

Bunu News24.az-a Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bəzi məscidlərdə istisna hallarda namaz saat 08:00-də namazı qılınır: "Bəzən insanlar namazda tez iştirak etmək istəyir ki, qurban kəsməyə yubanmasınlar". 

Sədr müavini Qurban bayramında bazarlarda süni qiymət qaldıranlardan da danışıb: "Bir adam mal satırsa, tövsiyə olunur ki, həmin ərəfədə malı bahalaşdırmasın. Biz həmişə bildirmişik ki, qurbanlıq heyvanları satanlar bayram günündən sui-istifadə etməsinlər. Savab qazanmaq istəyirlərsə, ədalətlə bu işə yanaşsın. Bir adam Qurban bayramı günü malını baha satarsa, savabı əldən vermiş olacaq.
Qurbanlıq alan da, heyvan 5-10 manat baha olsa, danışmamalıdır, xırdaçılıq etməməlidir. Çünki dinizmizdə də buyrulub ki, imkanı olan qurban almalıdır. Əgər sırf təsərrüfatda işləyən, mal saxlayan adam özü satırsa və cüzi olaraq qiyməti baha deyirsə, burda qəbahət bir şey yoxdur. Heyvan saxlamaq çox çətin işdir.  Amma bir də görürsən mal saxlayan qalır kənarda, alverçilər başlayırlar əldən-ələ satmağa, qazanan də əziyyət çəkən yox, alverçilər olur". 

Hacı Fuad Nurullayev "Bir ailə nə qədər maaş almalıdır ki, qurban kəsə bilsin" sualını da cavablandırıb: "Ailə bilir ki, ayın axırına qazancı nə qədərdir. Bu qazancdan qurban kəsilə bilər ya yox? Qurban kəsənlər də, o ailələrə pay verməlidir ki, onlar çətinliklə yaşasın. Yoxsul, fəqirlərə pay verilməlidir. İmkanı olan adama təbii ki, verilməməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalıdır. O, həmin paydan imkanlı qohumlarına da verə bilər". 

QMİ sədrinin müavini onu da əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də imkanı olmayan ailələrə yardım edəcək. 

Afaq Mirayiq