Qırğızıstanın sabiq prezidenti həbs oluna bilər Helikopterlər evini izləyir
    • 7-08-2019, 20:00
    • 854

Qırğızıstanın sabiq prezidenti həbs oluna bilər Helikopterlər evini izləyir

Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin həbs olunması üzrə əməliyyat başlayıb.
News24.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi sabiq dövlət başçısının qərargahına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Atambayevin tərəfdarları hüquq mühafizə orqanları əməkdaşlarının onun Bişkek şəhəri yaxınlığında yerləşən evinə girməsinə mane olmağa çalışırlar. Sabiq prezidentin evinə gedən bütün yollar bağlanıb. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə edirlər, evin üzərində helikopterlər dövrə vurur. Əməliyyatın gedişində bir neçə nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.
Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.
Qərargahdan verilən son məlumata görə, Atambayev artıq tutulub və naməlum istiqamətdə aparılıb.