
-
- 13-04-2025, 16:45
- 412
Lazada turizm infrastrukturu yaradılır
Qusar rayonunun Laza kəndində turizm infrastrukturunun yaradılması üçün 1.148.473 manat vəsait ayrılıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyi binalara cari və əsaslı təmir işlərinin görülməsini “Construction Business Group”a həvalə edib.
Mövzu ilə bağlı Shimal.News-a açıqlama verən turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, infrastruktur layihələrinə yönləndirilən investisiyalar əslində turizmin inkişafına müsbət təsir göstərir:
“Əlbəttə ki, bu kimi layihələr maraqlıdır. Bir sıra regionlarda oxşar layihələr olub. İnfrastruktur layihələrinə yönləndirilən investisiyalar əslində turizmin inkişafına müsbət təsir göstərir. Çünki bu işlərə yolların düzəlməsi, müəyyən parkların salınması, insanların istirahəti üçün xüsusi və daha gözəl şəraitin yaradılması, sahibkarlıq fəaliyətinin inkişaf etdirilməsi üçü müəyyən şərtlərin asanlaşdırılması, lazım olan yerlərə kommunal xətlərin çəkilməsi daxildir”.
C.Aşurov qeyd edib ki, kənd evlərinin sahibkarlıq fəaliyyəti işlərinə cəlb edilməsi də müsbət təsirini göstərəcək:
“Gələcəkdə yatırım məqsədli əlavə investisiyaların cəlb olunması da müsbət mənada öz təsirini göstərəcək. Turizmin əsas elementlərinin hər biri investisiya ilə bağlıdır. Amma ilk növbədə həmin ərazidə kifayət qədər şərait yaradılmalıdır. Normal yollar olmalıdır ki, əhaliyə xidmət etmək asan olsun”.