
-
- 15-04-2025, 21:12
- 550
Yayda ürəyi qorumağın 6 qızıl qaydası
Yay aylarında temperaturun yüksəlməsi bir sıra sağlamlıq problemlərinin artmasına səbəb olur. Bu problemlərin başında isə ürək xəstəlikləri dayanır.
News24.az Pravda.az-a istinadla isti havalarda görülməsi vacib olan tədbirləri təqdim edir:
İsti hava ürək xəstələri üçün təhlükəlidirmi?
Yay aylarında temperaturun artması orqanizmin istilik balansını qorumağa çalışması ilə nəticələnir. Bu zaman bədənin istiliyini tənzimləmək üçün tərləmə və nəfəs alma yolu ilə maye itkisi baş verir. Qanın hərəkət sistemi sürətlənir və bədən temperaturu azaldılır. Ancaq bu proses qan təzyiqinin düşməsi ilə nəticələnə bilər. Nəticədə, ürək daha çox qan pompalamaq məcburiyyətində qalır və bu da onun iş yükünü artırır. Xüsusilə, ürək xəstələri və bu risk qrupuna daxil olan şəxslər yay aylarında daha diqqətli olmalıdır.
Ürək çatışmazlığı olanlar risk altındadır
İsti havalarda artan temperatur və rütubət qan təzyiqini və damar sisteminə aid problemləri artırmaqla yanaşı, ürək çatışmazlığı olan şəxslər üçün də təhlükə yaradır. Belə ki, isti hava damarların genişlənməsinə səbəb olur və bu, bədənin soyuması üçün təbii bir reaksiyadır. Lakin bu genişlənmə nəticəsində ürəyə düşən yük artır və qan daha çox dəriyə yönəldiyindən digər orqanların funksiyası zəifləyir. Bu vəziyyət ürək çatışmazlığı olan şəxslər üçün ciddi fəsadlar doğura bilər.
İsti hava ürək tutmasını necə artırır?
Araşdırmalar yay aylarında ürək tutması hallarının artdığını göstərir. Orqanizmdə baş verən bu dəyişikliklər qan dövranında pozğunluğa, damarların daralmasına və ani təzyiq yüksəlməsinə səbəb olur. Bütün bu hallar nəticəsində ürək tutması riski artır.
Riski azaltmaq üçün bol su içilməlidir
Bədənin istiliyini tarazlamaq üçün ən vacib faktor maye qəbuludur. Yayda bədən çoxlu su itirdiyindən bu itkinin qarşılanması son dərəcə vacibdir. Xüsusilə ürək xəstələri susuzluğu gözləmədən gün ərzində ən az 2,5 litr su qəbul etməlidirlər.
Yayda ürək sağlamlığını qorumaq üçün nə etməli?
Gün ərzində bol su içilməlidir. Alkoqollu və kofeinli içkilər su əvəzləyicisi kimi istifadə olunmamalıdır.
Günəş şüalarının ən güclü olduğu saatlarda çölə çıxmaqdan çəkinmək lazımdır. Daha çox səhər və ya axşam saatlarında açıq havada olmaq tövsiyə olunur.
Çölə çıxarkən günəş eynəyi, papaq və qoruyucu kremdən istifadə edilməlidir.
Açıq rəngli, yüngül və pambıq parçalardan olan geyimlərə üstünlük verilməli, bədəni sıxan geyimlərdən uzaq durulmalıdır.
Qidalanmada yüngül yeməklər seçilməli, qızardılmış və acılı yeməklərdən imtina olunmalıdır.
Ürək xəstələri yay mövsümünə girməzdən əvvəl həkim müayinəsindən keçməli və dərman qəbulunda dəyişiklik olub-olmadığını öyrənməlidirlər.
Mütəxəssislər xəbərdarlıq edir ki, yay mövsümündə ürək xəstəlikləri ilə bağlı risklər artır. Bu səbəbdən xüsusilə risk qrupundakı şəxslər profilaktik tədbirləri vaxtında görməli, həyat tərzində lazımi dəyişiklikləri etməli və bədənlərinin su balansını daim qorumağa çalışmalıdır.