
-
- 16-04-2025, 11:09
- 262
Uzunömürlülük üçün 3 məsləhət
1900-cü ildə ABŞ-da orta ömür uzunluğu 47 il olduğu halda, 2022-ci ildə bu müddət 77,5 yaşa yüksəlib. Qidalanma vərdişləri, hərəkətlilik səviyyəsi, yuxu keyfiyyəti, stresin idarə edilməsi və sosial əlaqələr ömrün uzunluğuna təsir edən əsas amillər kimi önə çıxır.
News24.az daha uzun və sağlam yaşamaq üçün bəzi mühüm elmi əsaslı məsləhətləri təqdim edir:
1. BİTKİ ƏSASLI QİDALANMA
Araşdırmalar göstərir ki, xüsusilə bitki mənşəli pəhrizlərin uzunömürlülük üzərində əhəmiyyətli təsiri var. Meyvə, tərəvəz, tam taxıl, qoz-fındıq, paxlalı bitkilər və balıqların istehlakını vurğulayan Aralıq dənizi pəhrizi ürək xəstəlikləri, xərçəng və nevroloji xəstəliklərə qarşı qorunma təmin edir.
Xüsusilə işlənmiş qidalardan, qırmızı ətdən və şəkərli içkilərdən uzaq durmaq yaşlanma prosesini ləngidə bilər. Bir araşdırma, bu pəhriz modelinə riayət edən qadınların hər hansı səbəbdən ölmə riskinin digərlərinə nisbətən 23% daha az olduğunu ortaya qoyub.
2. HƏRƏKƏT HƏYATDIR
İdman təkcə fiziki sağlamlığı deyil, həm də zehni və emosional rifahı dəstəkləyir. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə məşq etmək ürək xəstəliyi, şəkərli diabet və bəzi xərçəng növləri riskini azaldır, eyni zamanda əzələ gücünü qoruyur, immunitet sistemini gücləndirir və yuxu keyfiyyətini artırır.
3. YUXU
Yuxu bədənin bərpaedici rejimidir. Yuxu zamanı böyümə hormonları ifraz olunur, immunitet sistemi güclənir, toxumalar bərpa olunur, beyin gün ərzində əldə edilən məlumatları emal edir. Keyfiyyətli və kifayət qədər yuxu yüksək təzyiq və ürək xəstəlikləri kimi riskləri azaldır, eyni zamanda əhval-ruhiyyəni tənzimləyir və stressi aradan qaldırır.
Araşdırmalar göstərir ki, hər gecə kifayət qədər yuxu alan insanlar daha uzun yaşayır və həyat keyfiyyəti yaxşılaşır.
Uzun və sağlam həyatın sirri; boşqabınızda, idman ayaqqabılarınızda və çarpayınızda gizlənmişdir. Şüurlu seçimlərlə həm ömrü uzatmaq, həm də həyat keyfiyyətini artırmaq mümkündür. Siz genetik mirasınızla məhdudlaşmırsınız; Düzgün həyat tərzi ən böyük üstünlüyünüz ola bilər.
Günel Məlikzadə