Xarici diplomatlar Xankəndiyə səfər etdi
    • 18-04-2025, 10:20
    • 212

Xarici diplomatlar Xankəndiyə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndəsi ilk olaraq Qarabağ Universitetində olublar.

Burada onları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.

Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.

Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olmaqdı.

"Səfərin əsas məqsədi post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olmaqdır".

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

"Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Şuşa və Xankəndiyə yola düşüblər. Diplomatik nümayəndələr Xankəndidə yerləşən Qarabağ Universitetinə baş çəkəcək, tələbələrlə görüşəcəklər. Səfərin əsas məqsədi post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olmaqdır. Qonaqlar regionda həyata keçirilən infrastruktur layihələrinin miqyasını və ərazinin sürətli transformasiyasını yüksək qiymətləndirirlər",- paylaşımda deyilir.