Atambayevin qızı ilk dəfə danışdı:
    • 9-08-2019, 20:59
    • 953

Atambayevin qızı ilk dəfə danışdı: "Atamın qanunsuz və haqsız həbsinə artıq susa bilməzdim” -VİDEO

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qızı Aliyə Şaqiyeva video-müraciət ünvanlayıb.

News24.az xəbər verir ki, eks-prezidentin qızı son zamanlar atasının həbsi ətrafında baş verən hadisələrdən danışıb və onları özbaşınalıq adlandırıb. 

“Mən rəssamam. Heç vaxt siyasətlə işim olmayıb. Ancaq hazırkı hakimiyyətin özbaşınalığına, atamın qanunsuz və haqsız həbsinə artıq susa bilməzdim”, - deyə Şaqiyeva bildirib. 
Onun sözlərinə görə, hazırda ölkədə bütün hüquqi normalar pozulur, müxalif telekanallar bağlanır, KİV vasitəsilə yalan informasiyalar ötürülür: 

“Mən ailəmə, dinc əhaliyə görə narahatam. Kriminal avtoritet Batukayevin Qırğızıstandan çıxarılması kimi absurd fikirlər səsləndirilir. Əslində atamı müxalif fəaliyyətinə görə həbs etmək istəyirlər. Necə ki, onun tərəfdarlarını həbs etdilər. Misal üçün, Kuban Kulpatova və Sapar İsakov şahid ifadələrinin alınması üçün aparıldılar və təhqiqatsız həbs olundular. Atam tələb edirdi ki, istintaqla bağlı Konstitusiya Məhkəməsinin qərarı gözlənilsin. Artıq atam KİV-ə Batukayev haqqında bildiklərinin hamısını danışmışdı, istintaq tam məlumatları təqdim etməyə hazırlaşırdı. Atam deyirdi ki, nə qədər vəziyyət hüquqi müstəviyə keçməyib, Konstitusiya məhkəməsinin qərarı yoxdur, biz özümüzü müdafiə etmək hüququna sahibik. Eks-prezidentin evinə istənilən hücum avtomatik olaraq cinayət əməlidir və qanunsuz xarakter daşıyır”. 

Xatırladaq ki, Atambayevin həbsi əməliyyatları zamanı 98 nəfər yaralanıb. Bir nəfər xüsusi təyinatlı isə dünyasını dəyişib. Atambayev korrupsiya və digər cinayətlərdə ittiham olunur. Onun ömürlük həbsi gözlənilir.