Ankara və Vaşinqtonun “arasına girən” rahib Branson kimdir?
    • 11-08-2018, 15:17
    • 2 354

Ankara və Vaşinqtonun “arasına girən” rahib Branson kimdir?

Vaşinqtonun Türkiyə hökumətinə azad edilməsi üçün 5 gün vaxt verdiyi rahib Bronson kimdir?

Ankara və Vaşinqton arasında gərginlik səngiyənə bənzəmir. Məlum olub ki, Vaşinqtona gedən Ankara heyətinin də danışıqları nəticəsiz bitib. Türkiyə mediasının məlumatına görə, danışıqlar zamanı Vaşinqton Türkiyə hökumətinə rahib Bronsonu azad etmək üçün gələn həftənin çərşənbə gününə qədər vaxt verib.
Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, Vaşinqtonda yerləşən Yaxın Şərq Araşdırmaları İnstitutunun Türkiyə mütəxəssisi Soner Çağaptay bildirib ki, ABŞ dövlət katibinin müavini Con Sallivan türkiyəli heyətə rahib Bronsonu azad etmək üçün çərşənbə gününə qədər vaxt verildiyini bildirib. Ekspertlər ABŞ hökumətinin bu mövqeyini Ankaraya açıq xəbərdarlıq kimi qiymətləndirir.
Ancaq artıq rahib məsələsi Türkiyə iqtisadiyyatına ciddi zərbə vurmaqda davam edir. Son bir sutkada Türkiyə lirəsi dollarla müqayisədə daha 12 faiz ucuzlaşaraq 1 dollar 6,30 lirəyə yüksəlib. Avro isə 7 lirəni keçib. “Financial Times” nəşri artıq lirədəki ucuzlaşmanın Avropa Birliyi və Avropa Mərkəzi Bankını narahat etməyə başladığını yazıb. Ümumilikdə Türkiyə iqtisadiyyatında geriləmə tendensiyası son zamanlar daha da sürətlənib. Məsələn, son 18 ayda Türkiyədə 20 600 iş yeri bağlanıb. Yəni gündə orta hesabla 38 iş yeri bağlanır.Ən ciddi problem isə təbii ki, maliyyə sahəsindədir. Daha dəqiqi, Türkiyənin milli valyutasının dollar və avro qarşısında sürətlə ucuzlaşmasıdır. Bir çox mütəxəssislərə görə, lirənin dəyər itirməsi məhz Vaşinqton və Ankara arasında yaşanan rahib böhranı ilə əlaqədardır. Vaşinqton rahibə görə Ankaraya bəzi məhdudiyyətlər tətbiq edib, hətta vitse-prezident Mayk Pens Ankaraya qarşı sanksiyaların ola biləcəyini qeyd edib. Artıq ilkin olaraq Türkiyənin iştirak etdiyi F-35 qırıcılarının alınması ilə bağlı müqavilənin icrası təxirə salınıb. Vaşinqtonun mövqeyindən belə anlaşılır ki, Ankara rahib Bronsonu geri ABŞ-a verməyəcəyi təqdirdə Türkiyə hökumətini daha sərt sanksiyalar gözləyə bilər.
Doğrudur, ABŞ və Türkiyə arasında son bir neçə ildə soyuqluq müşahidə olunub. Ancaq rahib Bronsunun mühakiməsi Türkiyə valyutasına ciddi təsir edib. ABŞ və Türkiyə arasında böhrana səbəb olan rahib kimdir?
Rahib Endryü Kreiq Branson indi Vaşinqton və Ankara arasında münaqişənin əsas səbəbkarıdır. Hansı ki, ABŞ prezidenti Tramp birbaşa Ərdoğana zəng edərək geri qaytarılmasını tələb edib. ABŞ-ın vitse-prezidenti isə Bronsona görə Ankaranı sanksiyalarla hədələyib. Türkiyə prezidenti Ərdoğan isə açıq şəkildə Bronsonun əvəzinə ABŞ-da yaşayan Fətullah Güləni tələb edib.
İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi rahib Endryü Kreiq Bronson 2016-cı il dekabrın 9-da həbs olunub. Türkiyə ədliyyəsi onu FETÖ üzvü olmaqda ittiham edir. Türkiyə mediasının iddialarına görə, rahib Bronsonun FETÖ üzvü olması ilə bağlı gizli və açıq şahidlər İzmirdə ifadə veriblər. Təhlükəsizlik səbəbindən rahibin məhkəmə və istintaq prosesi gizli aparılır.
Rəsmi ittihama əsasən, Bronson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusuluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Bronson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Bronson 35 ilə qədər həbs cəzası ala bilər.
Rahib isə istintaqa ifadəsində bu ittihamları rədd edib. Sadəcə, dini fəaliyyətlər həyata keçirdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi və heç bir FETÖ üzvünü tanımadığını bildirib.
Qeyd edək ki, Bronson 2011-ci ildə kilsədə çıxış edərkən hücuma məruz qalaraq yaralanıb. O, 1968-cı ildə ABŞ-da anadan olub. ABŞ-da dini təhsil alıb, 23 ildən artıqdır ki, Türkiyədə yaşayır. İzmirdə kilsədə dini fəaliyyətlə məşğul olur. Ancaq rahibin PKK üzvləri ilə görüşməsi ilə bağlı iddialar, “Gəzi Olayları”na qarışması və nəhayət, FETÖ ilə bağlantısının olduğu iddia edilir.

Yeri gəlmişkən, Fətullah Gülən camaatının ən güclü olduğu yerlərdən biri İzmir olub. Bir zamanlar F.Gülən “Kommunizmə qarşı mübarizə Dərnəyi” adlı dini-siyasi təşkilatını da məhz İzmirdə qurub və buradan tədricən Türkiyə, daha sonra isə bütün dünyaya yayılıb.
Bundan başqa, Türkiyə mediasında rahib Bronson işi ilə bağlı bir sıra maraqlı iddialar var. Hətta Bronsonun həyat yoldaşı ilə ABŞ-ın hazırkı vitse-prezidenti, Tramp üzərində ciddi təsirə malik olan Mayk Pensin həyat yoldaşının rəfiqə olduğu və bu səbəbdən də məsələnin Ağ Evin gündəmində saxlanıldığı iddia olunur. Bir başqa iddiaya görə isə Bronson və Pens eyni dini təriqəti təmsil edir və bu dini bağ səbəbindən Ağ Ev bu mövzuya həddən artıq həssas yanaşır.
Ancaq aydın məsələdir ki, rahibin mövzusu artıq həddən ziyadə böyüyüb və bir mənada Vaşinqton üçün şərəf məsələsinə çevrilib. ABŞ-ın Türkiyədən bəzi məhsulların idxalına vergini artırması lirə üçün əlavə zərbə olub.
Ankaranın isə qarşıda 5 günü var. Doğrudur, indi Ankara rahibi azad etməklə bir qədər vəziyyəti yumşalda, lirədəki sərt enişi dayandıra bilər. Hətta iqtisadiyyatdakı vahiməli həyəcanı da azalda bilər. Lakin Ankara bununla faktiki surətdə siyasi olaraq heç nə əldə etməmiş olur və Vaşinqton qarşısında geri çəkilir. Bu isə Ankara üçün bir qədər çətindir. Çünki növbəti mərhələdə Ankara qarşısında digər tələblər də gələcək. Ona görə də indi Ankara üçün çox çətin mərhələdir. Daha ağıllı və az itki ilə vəziyyətdən çıxara biləcək müdrik qərara ehtiyac var.

//Yeni Müsavat