Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu  yenidən aktiv edildi
    • 14-08-2019, 11:32
    • 1 351

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu yenidən aktiv edildi

Kollecə qəbul olmaq üçün əvvəlki aylarda aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki aylarda aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün ərizə qəbulu sistemi yenidən aktiv edilib. 

Məlum olduğu kimi, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə – 2019-cu il martın 15-dən aprelin 15-dək və mayın 30-dan iyunun 12-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsində) iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər 19 avqust saat 23.59-dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər. 

Yuxarıda göstərilən tarixlərdə hər hansı bir ixtisas qrupu üzrə elektron ərizəsini təsdiq etmiş, lakin kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər (müsabiqə şərtlərini ödədikləri halda). 

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. 
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 15-19 avqust tarixlərində aparılacaq.