Naxçıvan Döyüş Şöhrəti Muzeyinə yeni eksponatlar verildi - VİDEO
    • 14-08-2019, 16:06
    • 1 132

Naxçıvan Döyüş Şöhrəti Muzeyinə yeni eksponatlar verildi - VİDEO

Muxtar respublikamızda ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində bu gün 36 adda silah, texnika və qurğu mövcuddur.

Hazırda muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, “S-75”, “S-125”, “S-200” zenit raket kompleksləri, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, “SU-17” və “MİQ-21” döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.