Zəvvarlarımız şeytanı daşladı - HƏCCİN ƏSAS AYİNLƏRİ BİTDİ
    • 15-08-2019, 12:36
    • 864

Zəvvarlarımız şeytanı daşladı - HƏCCİN ƏSAS AYİNLƏRİ BİTDİ

“Həcc ziyarəti ilə bağlı bütün ayinlər bitib”. 

Bunu News24.az-a Azərbaycan Həcc Missiyasının üzvü Vüsal Cahangiri bildirib. 

Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar avqustun 13-ü Mina dağından qayıtdılar: “Hacılar ilk dəfə Ərəfat çölünə çıxırlar. Bizdə Azərbaycanda mediada Ərəfat dağı yazırlar, bu, səhvdir. Bəli, Ərəfat dağı var, amma hacılar ora qalxmırlar. Ərəfat çölünə çıxırlar ki, bu da hicri - qəməri tarixi ilə Zilhiccə ayının 9-na təsadüf edir. Bu da bizim tarixlə avqust ayının 10-dur. 

Peyğəmbərin (ə.s.ə) hədislərinə görə, Həcc Ərəfatdır. Yəni zəvvar Ərəfat çölünə gəlir, Zilhiccə ayının 9-u orada olmazsa, onun həcci məqbul sayılmır. Şəriətə görə, zəvvar zöhr əzanından axşam əzanına qədər vüquf, yəni ibadət edir. Şam əzanından sonra zəvvarlar Müzdərifəyə gedirlər. Bura da çöllükdür və zəvvarlar gecə əzanından sübhə kimi orda qalıb ibadətlə məşğul olurlar. Həmin gün də Qurban bayramına düşür. Müzdərıfədən çıxıb Mina çadır şəhərciyinə gedirlır. Orda da böyük şeytana daş atmaq üçün 3-4 km məsafə qət edirlər. Böyük şeytanı yəni, əqəbəni daşlayandan sonra qurban kəsirlər. Bununla da, həccin əsas vacib şərtləri tamamlanmış olur. Zəvvarlar Hacı adını qazanıb  ehramdan çıxır və saçlarını qısaldırlar. 

Vüsal Cahangiri onu da əlavə edib ki, zəvvarlar bütün bu ayinlərdən sonra Mina şəhərciyində qalırlar: “Minada qaldıqları üç gün, kiçik, böyük və orta şeytana 7 ədəd daş atırlar. Sonrakı mərhələdə isə Məkkəyə gəlirlər. Hazırda zəvvarlar bu mərhələdədirlər. Ayın 13-ü bütün zəvvarlar Minadan Məkkəyə otellərə yerləşdilər. Kim Həccin əməllərini tamamlamayıbsa, Kəbədə ibadətini davam etdirir. Əslində Həccin əsas ayinləri bitib. Məkkədən Mədinəyə ilk çıxışımız avqustun 18-dən planlaşdırılır. Məkkədən Mədinəyə hərəkət edən qruplar üç gün Mədinədə qalacaqlar. Mədinə hava limanından çıxışımız isə avqustun 21-də olacaq. Həmin gün 3 təyyarə reysi nəzərdə tutulub. Sabahısı və daha sonrakı günlərdə də, yəni ayın 24-ü və 25-də növbəti təyyarə reyslərinin baş tutması nəzərdə nəzərdə tutulub”. 

Azərbaycan Həcc Missiyasının üzvü onu da bildirib ki, zəvvarların səhhətində heç bir problem yoxdur. 

Afaq Mirayiq