Vüsal İsgəndərli "İstanbulspor"la vacib oyuna çıxa bilməyəcək
İdman
Türkiyənin "Boluspor" klubunun azərbaycanlı futbolçusu Vüsal İsgəndərli bu gün vacib oyunu buraxacaq.
News24.az xəbər verir ki, 29 yaşlı hücumçumuz I Liqanın pley-off mərhələsində "İstanbulspor"a qarşı matçda forma geyinə bilməyəcək.
Buna səbəb həmvətənimizin sarı vərəqə limitini doldurmasıdır.
Bu, Bolu təmsilçisi üçün ciddi itki sayılır. Vüsal "Boluspor"un son turlarda ardıcıl 4 qələbə qazanmasında böyük pay sahibi olub.
Xüsusilə axırıncı 3 qarşılaşmada bütün oyunu meydançada keçirən İsgəndərli komandanın fantastik məhsuldarlığında (3 qələbə, 21 qol) iştirak edib.
Məhz bu uğur sayəsində "Boluspor" çempionatı 7-ci pillədə başa vuraraq Türkiyə Superliqası üçün 5 kollektivin (3-7-ci yeri tutuanlar) 1 vəsiqə uğrunda mübarizə apardığı pley-off mərhələsinə vəsiqə qazanıb.
Superliqaya yüksəlmək üçün Vüsalın komandasına 3 qələbə lazımdır.
Əgər "Boluspor" bu gün "İstanbulspor"a üstələyərsə, növbəti mərhələdə "Bandırmaspor" - "Erzurumspor" cütünün qalibi ilə qüvvəsini sınayacaq.
Superliqaya yeganə vəsiqənin taleyinə isə I Liqanı 3-cü yerdə bitirmiş "Karagümrük"lə oyunda aydınlıq gələcək.