Küləkli hava şəraiti Qubada yanğının söndürülməsini çətinləşdirir - VİDEO - YENİLƏNİB-4
    • 19-08-2019, 16:21
    • 921

Küləkli hava şəraiti Qubada yanğının söndürülməsini çətinləşdirir - VİDEO - YENİLƏNİB-4

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir.

Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin səfərbər olunmasına baxmayaraq güclü külək və ərazisinin dağlıq relyefə malik olması, yanğının lokallaşdırılmasına mənfi təsir göstərir.

Yanğın baş verən ərazidə olan Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev yanğının söndürülməsi istiqamətində müvafiq göstəriş və tövsiyələrini verib.

Yanğının söndürülməsi işləri davam edir.


***
13:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur.

O deyib: "Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub".

*** 
11:30
Qubada meşə-kolluq ərazidə yanğın davam edir.

Yanğın rayonun Zərqava inzibati ərazi dairəsi ərazisindəki meşə-kolluq ərazidə başlayıb.
Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub. 
Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.
Qeyd edək ki, Zərqova İnzibati ərazi dairəsində ötən il də analoji yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

*** 
10:50
Quba və Şabran rayonlarının sərhədində meşə massivində güclü yanğın başlayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. /report/