
-
- 28-05-2025, 13:18
- 928
Lənkəranda mağazada partlayış: Xəsarət alan var
Lənkəran rayonunun Şovu kəndində ərzaq məhsullarının satıldığı kiçik bir mağazada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Mağazanı işlədən kənd sakini Mahir Cəbrayılov hər zamanki kimi işə gələrək içəri daxil olub və elektrik cihazlarını işə salan zaman güclü partlayış baş verib. Nəticədə obyektin qapıları yerindən qopub, tavan uçub və şüşələr qırılıb.
Hadisə zamanı Cəbrayılov müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb. Hal-hazırda onun vəziyyəti ciddi olaraq qiymətləndirilir və reanimasiya şöbəsində müalicə alır.
İlkin məlumatlara əsasən, partlayışa səbəb soyuduculardan birindəki qaz balonunun sıradan çıxması ola bilər. Kənd sakinləri bildirirlər ki, mağazanın qarşısından qaz xətti keçir və sızma ehtimalı da nəzərdən keçirilir.
Qeyd edək ki, partlayış baş verən mağaza təxminən 20 kvadratmetr sahəni əhatə edir və əsasən gündəlik ərzaq məhsullarının satışı ilə məşğul olur.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
