Gənclər arasında Helicobacter pylori infeksiyası geniş yayılıb
    • 22-08-2019, 21:25
    • 798

Gənclər arasında Helicobacter pylori infeksiyası geniş yayılıb

Hər bir canlı orqanizmdə olduğu kimi, insan həyatının da böyük bir hissəsini qida qəbulu təşkil edir. Qida ilə bərabər orqanizmə sağlamlıq baxımından çox vacib olan zülal, yağ, karbohidrat, vitamin, mikroelement və digər maddələr də daxil olur. Məhz bunun nəticəsində orqanizmin məhv olan hüceyrələri yeniləri ilə əvəz olunur. Həmin prosesin əsası isə qidanın orqanizmdə düzgün paylanmasına cavabdeh olan həzm sisteminin fəaliyyətindən asılıdır.

Ümumilikdə xroniki qastrit çox ciddi problemdir. Müəyyən olunub ki, xroniki qastritin bir sıra formaları, məsələn, xroniki atrofik qastrit mədə xərçənginin inkişafının ilkin mərhələsidir. Xroniki qastritin əmələgəlmə səbəbinin 70-80 faizi Helicobacter pylori infeksiyasıdır. Ölkə əhalisi, o cümlədən gənclər arasında həmin infeksiya geniş yayılıb, hətta bəzi bölgələrdə onun yayılma dərəcəsi təxminən 60-80 faizə çatır. Xroniki qastritin əmələ gəlməsinin digər səbəblərindən autoimmun proseslər, xroniki stress və toksiki təsirləri misal göstərmək olar. Gənclər arasında xroniki qastritin yayılmasına təsir edən amillər sırasında şirin qazlı içkiləri və küçələrdə satılan keyfiyyətsiz qida məhsullarını qeyd etmək olar.

Adətən xəstələr qızardılmış, qovrulmuş, ədviyyatlı qidalar və alkoqollu içkilərdən istifadə etdikdən sonra ağrı, köp, ürəkbulanması və qusmadan şikayət edirlər. İlk dövrdə həmin narahatlıqlar pəhriz saxlayanda və spazm əleyhinə dərmanlar qəbul edəndə aradan qalxır. Bir müddət sonra xəstəliyin əlamətləri təkrarlanır və uzun müddət davam edir. Qeyd etmək lazımdır ki, şikayətlərin heç biri xroniki qastrit üçün spesifik deyil. Bu və oxşar simptomlara qarın boşluğu orqanlarının digər patologiyalarında da rast gəlinir. Ona görə qarın boşluğunun üst nahiyəsində narahatlıq yarananda mütləq həkimə müraciət etmək və endoskopik müayinədən keçmək lazımdır.

Xroniki qastritin müalicəsi isə xəstəliyin səbəbi, yerləşdiyi nahiyə, qastritin növü və s.-dən asılıdır. Adətən müalicə məqsədilə xəstələrə pəhriz, qastroprotektor və Helicobacter pylori əleyhinə dərmanlar təyin edilir.