Microsoft binası vuruldu - təcili!
Dünya
İsrail ordusunun bu səhər yaydığı açıqlamada bildirilib ki, İran gecə boyu çoxsaylı raket hücumları həyata keçirib. Eyni zamanda, İran İsrailin cənubunda yerləşən Beerşeva şəhərindəki texnologiya parkını atəşə tutub.
News24.az bildirir ki, raket zərbəsi nəticəsində parkdakı Microsoft binası zərər görüb və 6 nəfər yüngül yaralanıb.
İsrail ordusunun açıqlamasında qeyd olunub ki, İranın Tehran bölgəsindəki bir çox raket istehsalı sənaye müəssisələri hədəfə alınıb. Bu obyektlərdə raket mühərrikləri və hissələri hazırlanır. Hücumlarda 60-dan çox döyüş təyyarəsi iştirak edib. Hədəflər arasında İranın nüvə tədqiqat mərkəzi olan Müdafiə İnnovasiya və Tədqiqat İdarəsinin (SPND) əsas qərargahı da var.
Xatırladaq ki, İsrail ordusu ötən həftə də eyni müəssisəni vurduğunu açıqlamışdı. ABŞ isə SPND-ni İranın nüvə proqramının davamı kimi qiymətləndirir və may ayında bu quruma və bağlı şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Beerşevadakı hücumdan sonra İsrailin təcili yardım xidməti Magen David Adom (MDA) yaralıları tapmaq üçün geniş axtarış-xilasetmə əməliyyatı başladıb. MDA-nın sözçüsü 6 nəfərin yüngül yaralandığını və hələlik daha ciddi zərər görənlərin olmadığını bildirib.
Hadisə yerindən yayılan görüntülərdə binanın ön hissəsində ciddi dağıntılar, yanğın və qalxan qara tüstü görünür.
İran isə Beerşevadakı Soroka Xəstəxanasına hücum etdiyi barədə İsrailin iddialarını rədd edib, əsas hədəfin texnopark olduğunu vurğulayıb.