Müharibə bitməyib, dünya iki yerə bölünür – - Türkiyəli politoloq
Gündəm
İranın ABŞ-nin Qətərdə yerləşən Al-Üdeyd bazasına xəbərdarlıqla raket hücumu və bu hadisəyə yanaşmalar beynəlxalq səviyyədə müxtəlif reaksiyalar doğurub. 1979-cu ildən bəri İranın xarici siyasətində “Əsas düşmən” konsepsiyasının hədəfi ABŞ olub. Bu kontekstdə Qətərdəki baza sadəcə, hərbi obyekt deyil, ABŞ-nin regional güc simvoludur. İran bu bazanı vurmaqla məhz bu simvola zərbə endirib.
Bu sözləri News24.az -a açıqlamasında Türkiyənin tanınmış politoloqu və təhlükəsizlik eksperti Abdullah Ağar deyib.
O, bunu ənənəvi müharibə anlayışından çox, "yeni nəsil savaş" strategiyası çərçivəsində atılan addım olaraq qiymətləndirib.
Ekspertin fikrincə, hücumun məqsədi insan itkisi deyil, məlumat axınına, strateji qərar proseslərinə və zehniyyətə təsir göstərmək olub:
“Müasir münaqişələr artıq silahlı toqquşmalardan daha çox qərarverici mərkəzlərə, informasiya sistemlərinə və ictimai şüura təsir etməklə aparılır. Bu hücumda əsas məqsəd itkilərə səbəb olmaq yox, zehniyyətə təsir göstərmək olub. Yəni İran qarşı tərəfi yönləndirmək, psixoloji üstünlük qazanmaq və strateji tarazlıq yaratmaq istəyib. İran bu hücumla bir neçə hədəfə eyni anda mesaj göndərib. Daxili ictimai rəyə və tərəfdarlarına “Artıq müdafiədə yox, hücumdayıq” mesajı, region, xüsusilə Körfəz ölkələrinə – “ABŞ sizi qoruya bilməz” siqnalı, ABŞ-yə “Əgər bizi vuracaqsınızsa, siz də heç bir yerdə təhlükəsiz olmayacaqsınız” mesajı".
A.Ağar qeyd edib ki, İranın hücumu Qətəri də çətin duruma salıb.
Onun qənaətincə, Qətər həm İranla münasibətləri pozmaq istəmir, həm də ABŞ ilə hərbi əməkdaşlıq edir:
"Bu səbəbdən İran dolayısı ilə bunu bildirir: "Sən neytral kimi görünürsən, amma düşmənlə yaxınsan. Artıq sənə də etibar etmirik". Bu hücumun Səudiyyə Ərəbistanı və BƏƏ kimi Körfəz ölkələrinin ABŞ-yə olan inamını da sarsıda biləcəyi istisna edilmir.
“Görəsən, ABŞ bizi həqiqətən qoruya bilərmi?” – sualı hazırda gündəmdədir. İranın Körfəz geosiyasətini sarsıtmaq planının bir hissəsi kimi də dəyərləndirilə bilər”,- o deyib.
Ekspert bildirib ki, ABŞ-nin Qətərdəki bazası təkcə raket, təyyarə və silahların yerləşdiyi yer deyil. Bu baza, qərarların verildiyi və məlumatın idarə olunduğu beynəlxalq komanda mərkəzidir:
“İran burada ABŞ-nin alqoritmik sinir ucuna hücum etdi. Fiziki təsiri olmayan, amma simvolik gücü böyük olan kinetik hücumla sistemə mesaj ötürdü ki, “Biz sizin məlumat axınınızı poza bilərik”.
O qeyd edib ki, İran bu hücumla asimmetrik güc balansını tarazlamağa çalışıb:
“ABŞ Centcom vasitəsilə İranın nüvə obyektlərinə hücum edirsə, İran da Centcom-un yerləşdiyi Qətər bazasını hədəf alaraq güc simmetriyası yaratmağa çalışır.
İranın “Vilayət-i Fəqih” ideologiyasına əsasən dünya iki hissəyə bölünür: müstekbir (zülm edənlər) və mustazaf (əzilənlər). ABŞ-yə qarşı bu hücum isə “müstekbirlərə qarşı müqavimət cihadı” kimi təqdim olunur.
Eyni zamanda, bu hərəkət təkcə hərbi deyil, həm də dini-siyasi (teopolitik) və coğrafi-siyasi (jeopolitik) mesajlar daşıyır. İran zənginləşdirilmiş uranı mənşəyi bilinməyən yerə köçürməklə və Centcom-un informasiya mərkəzinə hücum etməklə yeni bir “coğrafi-dini savaş mərhələsi” açdığını göstərir. Bu hücum nəticəsində müvəqqəti atəşkəs yaranıb. Müharibə bitməyib. Sadəcə formasını dəyişib".
Nigar İlyasqızı