Kabus görmək ömrü - Qısaldır?

Kabus görmək ömrü - Qısaldır? Sosial

Tez-tez kabus görmək vaxtından əvvəl ölüm riskini üç dəfə artırır. 

News24.az xəbər verir ki, bu barədə “UPI”  Avropa Nevrologiya Akademiyasının (EAN) illik toplantısında təqdim olunan yeni araşdırmaya istinadən məlumat yayıb. 

Alimlərin sözlərinə görə, bu şəxslərdə eyni zamanda bioloji qocalma prosesinin sürətləndiyi müşahidə olunur. Yəni onların doğum tarixlərinə əsasən bədənləri gözləniləndən daha tez qocalır. Mütəxəssislər bu halı kabusların yuxu zamanı orqanizmə yerləşdirdiyi stresslə əlaqələndirirlər.

Tədqiqat çərçivəsində alimlər ABŞ-da aparılan sağlamlıq araşdırmalarında iştirak edən 8–10 yaş arası 2400-dən çox uşaq və 26–86 yaş arası 183.000 yetkin şəxsin məlumatlarını təhlil ediblər.

İştirakçıların bioloji yaşlanması onların telomerlərinin uzunluğu vasitəsilə qiymətləndirilib. Telomerlər – xromosomların uclarını qoruyan və ayaqqabı bağlarının plastik uclarına bənzər DNT hissəcikləridir. Onların uzunluğu hüceyrələrin faktiki yaşını və nə qədər tez qocaldığını müəyyən etməyə imkan verir.

19 illik müşahidənin nəticələrinə əsasən məlum olub ki, həftəlik kabus görən böyüklərdə 70 yaşına çatmadan ölmə riski üç dəfədən çox olub. Tədqiqatçılar bu nəticəni siqaret, piylənmə, qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi kimi digər risk amilləri ilə müqayisədə daha güclü proqnoz göstəricisi kimi dəyərləndiriblər.

Araşdırma göstərib ki, kabuslar yaş, cins, etnik mənsubiyyət və psixi sağlamlıq vəziyyətindən asılı olmayaraq bütün insanlara eyni dərəcədə təsir edir. Hətta ayda cəmi bir dəfə kabus görmək belə, nadir hallarda və ya heç kabus görməyənlərlə müqayisədə daha sürətli bioloji qocalma və erkən ölüm riskini artırır.