COJEP beynəlxalq təşkilatının nümayəndələri MƏTBUAT ŞURASINDA
    • 5-09-2019, 11:56
    • 765

COJEP beynəlxalq təşkilatının nümayəndələri MƏTBUAT ŞURASINDA

Bu gün COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri - təşkilatın Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa Birliyi ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleş Azərbaycan Mətbuat Şurasında olublar.

News24.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, beynəlxalq təşkilatlardakı təmsilçilik məsələlərindən söz açıb. O bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı kimi birliklərin üzvü olan Azərbaycan Mətbuat Şurası Avropa Şuranın və Avropa Birliyinin, həmçinin BMT-nin Azərbaycan nümayəndəlikləri ilə fəal əməkdaşlıq edir.

COJEP rəhbəri Ə.Gedikoğlu bildirib ki, 2007-ci ildən beynəlxalq qurumlarda təmsil olunan COJEP-in mərkəzi Strasburqda yerləşir. Bundan başqa təşkilat Avropanın 14 ölkəsində fəaliyyət göstərir, irqçilik, ayrıseçkilik, islamafobiya, demokratikləşmə, bərabər hüquqlar istiqamətində çalışır. Təşkilatın məqsədi beynəlxalq təşkilatlarda ictimai birliklərin təsir gücünü artırmağa yönəlib.

Görüşdə COJEP nümayəndələrinin sentyabrın 1-dən 7-dək Cənubi Qafqaza səfəri gedişində müzakirə edilən məsələlər, qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb.