Evdən qaçan gəlinlər…  Günahkar kimdir? ƏR, QAYINANA, YOXSA CƏMİYYƏT - ARAŞDIRMA
    • 11-09-2019, 12:15
    • 929

Evdən qaçan gəlinlər… Günahkar kimdir? ƏR, QAYINANA, YOXSA CƏMİYYƏT - ARAŞDIRMA

"2013-cü ildə ailə qurmuşam, 5 ilin gəlini olmuşam. Evlənəndən üç ay sonra mənə zülm etməyə başladı. Lerikdən Bakıya gəldik, yoldaşım hər gün içirdi, işləsə də, qazancını görmürdük, ailəsinə uşaqlarına baxmırdı, gecələr evə gəlmirdi. Kirayə pulunu verə bilmirdik deyə ev yiyəsi üzümü danlayırdı. Hər gün evə içkili gəlirdi, məni vururdu, təhqir eləyirdi”.

Bunu Lerikdən gələn Nübar Salayeva deyir. 

News24.az-a danışan Nübarın sözlərinə görə, həyat yoldaşının zülmlərinə dözməyərək, iki uşağı ilə evini tərk edib. 
Nübar xanım deyir ki, günlərlə küçələrdə ac-susuz qalıb. Sonda Bakıdakı sığınacaqlardan birindən kömək istəyib. 
Yalnız Nübar deyil, son ayların statistikasına nəzər salsaq, görərik ki, evindən qaçan qadınların sayı artıb. Bunların arasında 3 uşağı, 2 uşağı, hətta 5 uşağı ilə birgə yaşadıqları yeri birdəfəlik tərk edənlər var. 

Daxili İşlər Nazirliyinin məlumatlarında bildirilir ki, itkin düşənlərin bir çoxu tapılsa da, həmin qadınlar evlərinə təkrar qayıtmaqdan imtina ediblər. Bəs bunun səbəbi nədir? Nəyə görə son dövrlər Azərbaycan ailələrində gəlinlərin evdən qaçması halları, boşanmalar bu qədər artıb? 
Ekspertlər və sosioloqlarla birgə bu suallara cavab tapmağaçalışacağıq.
 
Gəlinlərin çoxu ölümlə hədələndiyi üçün evini tərk edir

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova News24.az-ın müxbiri ilə söhbətində bildirdi ki, son aylar evini tərk edən qadınların sayı çoxalıb. 

Onun sözlərinə görə, əsas səbəb qadınlara edilən psixoloji təzyiqlərdir: “Elə bu gün Buzovnadan 5 uşaqlı qadın gəlib. Evindən qaçıb. Qaçdığına görə əri onu hədələyir. Dünən isə rayondan bir qadın gəlib, onu da qardaşı hədələyir, ərindən boşandığına görə. Gələnlərin çoxu öldürməklə hədələmələrinə görə evini tərk etməli olublar. Son bir ayda bizə daha çox şiddət görən qadınlar müraciət edib. Biz də onları polisə yönləndiririk. Əgər həmin şəxs qorxursa, o zaman qəbul edib, sonra polisə xəbər veririk. Qadınların evi tərk etməsinə səbəb yalnız fiziki zorakılıq olmur. 

Bəzən cütlüklər ümumiyyətlə, bir-birləri ilə yollaşmırlar, iqtisadi vəziyyətləri yaxşı olmur, ya da ailəyə kənardan müdaxilələr çox olur. Psixoloji zorakılıq görünən deyil axı... Ona görə hamı elə düşünür ki, qadın elə kefindən gedib. Psixoloji zorakılıq – hədələr, təhqir etmək, daim qorxu içində yaşatmaq, aşağılamaqdır. Elə psixoloji zorakılıq var ki, qadının orda qalması mümkünsüz olur. Bu gün ölkədə əsas məsələlərdən biri psixoloji zorakılığa qarşı mübarizə meyarları hazırlamaqdır. Bununla bağlı cəza müəyyənləşməlidir. Kişilər də bilməlidir ki, psixoloji zorakılığın cəzası var. Çünki psixoloji zorakılığın nəticəsi ya intihar, ya da evi tərk etməkdir. İqtisadi zorakılığın özü də ağır formadır. Gəncədə ikinci dəfə ərə gedən qadını əri başqa kişilərlə görüşməyə vadar edirdi. Həmin adam sonradan həbs olundu. Yəni zorakılığın bu qədər  müxtəlif formaları var”.


“Cəmiyyətin sağlamlığı heç kimi maraqlandırmır”

Bakı Dövlət Unuversitetinın gender və tətbiqi psixoloqiya kafedrasının dosenti Rövşən Cavadov isə hesab edir ki, əvvəlki illərlə müqayisədə son dövrlərdə dəyərlərə əhəmiyyət verilmir: “İndi dəyərlərimiz əvvəlki kimi deyil. İctimai  qınaq olmalıdır, indi bu, yoxdur, evdən qaçmaq, uşaqlarını atmaq adi hala çevrilib. Heç kim bununla bağlı utancaqlıq hissi yaşamır. Cəmiyyətdə əvvəlki dəyərlər öz əhəmiyyətini itirib. Bu, cəmiyyətin bəlasıdır. Ayrı-ayrı psixoloji səbəbləri də var. Amma bütövlükdə bu, kapitalizmin gətirdiyi ictimai bəladır. Cəmiyyətin məhv olmaması üçün insanlar özləri bu halalrla mübarizədə maraqlı olmalıdırlar. Hansı sahəyə gedirsizsə-gedin, orda vəziyyət bərbaddır. Savadsızlıq hökm sürür, təhsil aşağı səviyyədədir. Bir sıra məmurlar yalnız öz təminatını fikirləşir, qazanc əldə etmək barədə düşünür. Heç kəs yerində deyil. Aidiyyəti qurumların laqeyd mübasibəti, cəmiyyətin sağlamlığı heç kimi maraqlandırmır. Mənəviyyat adlı məhfum artıq yoxdur...” 



“Dövlətdən pul alan qurumların fəaliyyəti ürəkaçan deyil” 

Millət vəkili Fazil Mustafanın fikrincəqadınlar arasında ixtisaslaşma olmalıdır ki, onlar iş tapa bilsinlər: “İqtisadi müstəqillik olmalıdır. İkinicisi, bütün qadınların təshil almasının təmin olunması vacibdir.  Azərbaycanda qadınların böyük əksəriyyəti ya arzuladıqları təhsili ala bilmir, ya da ümumiyyətlə, təhsil ala bilmir. Bu da onun böhran şəraitinə uyğunlaşa bilmə qabiliyyətini aşağı salır. Buna görə də  böyük əksəriyyət əlacsızlıqdan problemləri həll etmək əvəzinə, ondan qaçmaq yolunu tuturlar. Bu isə məsələnin həlli deyil. Əksəriyyət daha çox ailə məsuliyyətindən uzaqlaşmağa üstünlük verir. Burda eyni zamanda, ailənin iqtisadi təməlinin zəif olması da var. Ailədə qadının problemləri yox, həm də kişinin işsizlikdən doğan problemləri var. Ailə quruluşlarının özündə də süni bir dözümlülük var. Əslində ata-ana, yaxın qonşuların, qohumların münasibətinə görə ayaqda qalan ailələr var. Bəlkə də 50 faizi dağılmağa potensial hazır olan, amma müəyyən sosial şərtlərin qorxusundan bunu uzatmağa, yaşatmağa çalışan ailələr var. Ona görə də bunlar kompleks həll olunmalı məsələlərdir. Bizim dövlət qurumlarının bu yöndəki fəaliyyəti ürəkaçan deyil. Ailənin qurulması istiqamətində atılan addımlar, sosioloji təhlillər yetərli səviyyədə deyil”. 

Fazil Mustafanın sözlərinə görə, bəzən Sovet  dövründə belə şeylərə nadir hallarda  rast gəlindiyi iddia olunur: “O zamanlar qadağalar çox idi. Rusiya ilə müqayisə etsək, Azərbaycanda içki içənlərin də, fərqli həyat keçirən kişilərin də sayı daha çoxdur. Sadəcə, biz bunu statistikayla göstərmirik. Əslindəsə ən acınacaqlı vəziyyət bizdədir. Ona görə də bu məsələnin sosioloji təhlili aparılaraq həlli yolları tapılmalıdır. Bu məsələ dövlətdən pul alan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bilavasitə vəzivəsidir”.

Millət vəkili Musa Quliyev isə qanunvericilikdə bəzi dəyişikliklərin tərəfdarıdır: “Təxminən 12 il öncə ”Məişət zorakılığı haqqında” qanun Milli Məclisdə müzakirə edilərkən, biz belə bir sonluğu görürdük. Yəni Avropa dəyərlərinin forması Azərbaycana daxil oldu, mahiyyətdə isə köhnə dəyərlər qaldı. Buna görə də ailələrin sanki cild dəyişməsi prosesi getdi. Formaca Avropalaşdıq, mahiyyətcə isə islam, türk mədəniyyəti və mənəviyyatı qaldı. Azərbaycanda uzun müddət patriarxal cəmiyyət olub, amma indi gender bərabərliyi aktualdır. Bunu da insanların hamısının mədəniyyəti, şüuru, düşüncəsi qavramaq səviyyəsində deyil. Məsələnin birinci tərəfi budur. Digər tərəfdən, evlənənlərin çoxu böyüklərinin tövsiyəsi ilə ailə qururlar. Bu gənclərin nə intellektual, nə də psixoloji səviyyələri bir-birilərinə uyğun gəlmədiyindən belə problemlər ortaya çıxır. Bununla belə sosial faktorları da nəzərə almaq lazımdır. Bir çox ailələrdə xərclərlə gəlirlər üst-üstə düşmür. Kişinin qazancı qadının ehtiyaclarını ödəmədikdə ailədə narazılıqlar yaranır. Eyni zamanda, ailələrdə münaqişələrin digər səbəbi də qonşuların, qohumların ailəyə müdaxiləsidir”. 

“Qadınlar evdə işsiz, əllərində telefon sosial şəbəkələrə girirlər...” 

Musa Quliyev onu da əlavə edib ki, internet və sosial şəbəkələr də ailələrdə problemlər yaradır: “Çox vaxt qadınlar evdə işsiz, əllərində telefon sosial şəbəkələrə baxırlar. Bu da ərlərinin qısqanclığına gətirib çıxarır. Nəticədə ciddi problemlər ortaya çıxır. Əlbəttə, bütün bunlar zaman-zaman aradan qalxacaq. Amma məncə, ən ciddi məsələ kimi qadınların məşğuliyyəti önə çəkilməldir. Qadınlar ayaqda qalmağı bacarmalıdırlar. Heç təsadüfi deyil ki, bu yaxınlarda qızların təhsil haqqlarının ödənilməsində dövlətin dəstəyi məsələsini gündəmə gətirdik. Bu, çox böyük rezonans doğurdu. Qadınlar nə qədər çox oxuyarlarsa, peşə sahibi olarlarsa, bu cinayətlər də baş verməz. İndi bütün dünyada ailələrin dağılması prosesi gedir. Bu proseslər təəssüf ki, bizdən də yan keçmir. Köhnə ailə institunu qoruyub saxlamaq olmur, yeni institutsa formalaşa bilmir”.

“Qanun qəbul etmək kiminsə ailəsində problem olmayacağı anlamına gəlmir”

Millət vəkilinin fikrincə, bu yöndə ciddi maarifləndirmə işləri aparılmallıdır: “ Marifləndirmə işləri, lazım gələrsə, məişət zəminində cinayətkarlığa qarşı daha şiddətli cəza tətbiq edilməlidir. Hüquq- mühafizə orqanlarının işi artırılmalıdır. Sovet dövründə sahə müvəkkilləri bu kimi ailələri daima diqqətdə saxlayırdı, profilaktik tədbirlər görürdü, biz indi bunu da etmirik. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, yerli şöbələri olmadığına görə qurum da fəal iş görə bilmir. Yalnız tövsiyələr, bəyanatlarla işi bitmiş olur. Yerlərdə bələdiyyələr, təhsil komitələri var. İctimai əsaslarla bir qurum yaradaraq belə problemli ailələrlə məşğul olmalıdırlar. Bir də görürsən, hansısa kənddə hansısa ər arvadını öldürüb. Bu, bir gündə baş verə biləcək hadisə deyil. Aylarla, illərlə davam edən münaqişələrin nəticəsidir. Buna qonşular, yaxınlar, bələdiyyə, icra nümayəndələri biganə qalmamalıdırlar. Sanki insanlarda yadlaşma var. Məişət zorakılığı ilə bağlı qanunvericilikdə məişət zorakıılığı ilə bağlı cəzalar daha da artırılmalıdır. Amma qanun qəbul etmək kiminsə ailəsində problem olmayacağı anlamına gəlmir”.

Komitə cavab vermədi, nazirlik isə yayındı...

Qeyd edək ki, birbaşa bu məsələlərə cavabdeh olan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətimizə xeyli vaxt göləsək də cavab verilmədi.  

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti isə ümumiyyətlə bu mövzuda suallara cavab verməkdən yayındı.


Afaq Mirayiq