Tamaşaçılar əsəbiləşdi: “Qarabağ”ın oyununda yayım dondu – - “CBC Sport”dan AÇIQLAMA

Tamaşaçılar əsəbiləşdi: “Qarabağ”ın oyununda yayım dondu – - “CBC Sport”dan AÇIQLAMA İdman

Dünən keçirilən “Qarabağ” – “Kopenhagen” qarşılaşması zamanı “CBC Sport”un “YouTube” platformasında yayımlanan canlı efirində donmalar və texniki fasilələr olub.

Bu hal tamaşaçılar arasında narazılıq yaradaraq sosial şəbəkədə müxtəlif reaksiyalara səbəb olub. İzləyicilər matçı fasiləsiz izləyə bilmədiklərini bildirərək, yayımla bağlı tənqidi fikirlər səsləndiriblər.

Məsələ ilə bağlı "CBC Sport"dan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş texniki nasazlıqla bağlı kanal məsuliyyət daşımır:

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turu çərçivəsində gerçəkləşən "Qarabağ" - "Kopenhagen" qarşılaşmasında telekanalımızın yerüstü və peyk yayımında problem mövcud olmayıb. Yüksək keyfiyyətli və kəsintisiz efir həyata keçirilib".

“Yayım keyfiyyəti ilə bağlı problemlər kabel TV-lər, IP TV-lər və ya pirat tipli internet yayımlarında ola bilər. Bu növ yayımlara görə "CBC Sport" məsuliyyət daşımır”, - deyə kanaldan bildirilib.

Aqil Qarayev