Müslüm Maqomayevin anadan olmasından 76 il ötür - VİDEO
    • 17-08-2018, 10:10
    • 1 561

Müslüm Maqomayevin anadan olmasından 76 il ötür - VİDEO

Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib.
1970-ci illərdən həyatını estrada ilə bağlayıb və populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evli olub.
1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib, SSRİ-nin “Xalq artisti” fəxri adını qazanıb.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
 Azərbaycan Prezident İlham Əliyev Müslüm Maqomayevin 76 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.