Elmira Süleymanova COCUQ MƏRCANLIDA
    • 17-09-2019, 18:42
    • 665

Elmira Süleymanova COCUQ MƏRCANLIDA

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, 21sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı elan etdiyi Sülh Aylığı və ölkəmizdə qeyd olunan Bilik günü ilə bağlı Füzuli rayonunda və Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində silsilə tədbirlər keçirib.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, Füzuli rayonuna səfəri çərçivəsində Müvəkkil və Rayon icra hakimiyyətlərinin başçısı Alı Alıyev Horadiz şəhərində “Aprel Şəhidlərinə Xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz ruhuna dərin ehtiramlarını bildiriblər. Müvəkkil Abidənin önündə ilk qələbə müjdəsi olan 2016-cı ilin Aprel zəfərinin əhəmiyyətindən danışıb, işğal altında olan bütün torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına inamını ifadə edib.

Bu səfər çərçivəsində Müvəkkil hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə təşəbbüsü ilə elan olunan Sülh Aylığı çərçivəsində əhali ilə görüşlər keçirilmiş, təhsil, səhiyyə və sosial müəssisələrində tədbirlər keçirilib.

İlk belə tədbir 6 saylı Qayıdış qəsəbəsinə getmiş, onun təşəbbüsü ilə lazımi avadanlıqla təchiz edilmiş körpələr evi uşaq bağçasında olmuş, uşaqlara öz hədiyyələrini vermiş, onların valideynlərinin, qəsəbə sakinlərinin, müəssisə əməkdaşlarının iştirakı ilə  bağçanın yaradılmasının  40 illiyi qeyd olunub.

Qonaqlar, valideynlər, uşaqlar qarşısında çıxış edən Müvəkkil müharibə illərində çadır düşərgəsində yerləşmiş bu müəssisənin fəaliyyətini dayandırmadığını, həmin dövrün çətinliklərini, müəssisə işçilərinin fədakarlığını diqqətə çatdıraraq xatirələrini bölüşüb.

Görüş keçirilən  və tədbirdə çıxış edən qəsəbə sakinləri məcburi köçkün düşərgələrində ən əvvəldən, çətin vaxtlarında E.Süleymanovanın onların yanında olduğunu, əhaliyə verdiyi dəstəyindən, qidalanma, səhiyyə, məşğulluq kimi problemlərinin həllinə göstərdiyi diqqətdən danışıb və təşəkkürlərini bildiriblər.

Rayonun məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsində də səfər edən Müvəkkil qəsəbə sakinləri ilə görüşüb, habelə burada yerləşən və lazımi avadanlıqla təchiz edilmiş Füzuli Rayon Xəstəxanasına da baş çəkmiş və müəssisənin işçiləri ilə əhalinin hüquqlarının təmini istiqamətində müzakirələr aparıb, göstərilən tibbi xidmətlə tanış olub.

E.Süleymanova əməliyyat bloku, ginekologiya və digər şöbələrlə tanış olmuş, palatalarda pasientlərlə görüşmüş, müəssisənin fəaliyyəti barədə məlumat almışdır. Ombudsman tibbi heyətə pasientlərin sağlamlıq hüquqlarının diqqətdə saxlanılmasını, bu hüquqların təmini baxımından işin daha da təkmilləşdirilməsini tövsiyə edib.
Qeyd olunmalıdır ki, “Sülh aylığı” çərçivəsində  Silahlı Qüvvələrin hərbi birləşmələrində, uşaq evləri və internat müəssisələrində, orta və ali təhsil ocaqlarında, icmalarda, müxtəlif dövlət qurumlarının, hüquq mühafizə orqanlarının akademiyalarında insan hüquqları və sülh mədəniyyətini təbliğ edən silsilə tədbirlər təşkil olunur,  mətbu orqanlarda, qəzet və jurnallarda məqalələr dərc edilir ki, bu da insan hüquqları və sülh mədəniyyətinin təbliğinə mühüm töhfə verir.

Səfərin növbəti günü Bilik Gününə təsadüf etdiyindən Müvəkkil Füzuli rayonunun orta ümumtəhsil məktəblərində olub. İlk tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş, Horadiz şəhər 3 saylı tam orta məktəb olmuş və Müvəkkil məktəbə yeni qədəm qoymuş uşaqlara, onların valideynlərinə, müəllimlərə təbriklərini və arzularını çatdırmış, çıxışında təhsil hüququnun, uşaq hüquqlarının əhəmiyyətini vurğulayaraq tövsiyələrini vermişdir.

Ümumilikdə isə, təhsil müəssisələrində tədris üçün yaradılmış şəraitlə də tanış olan müvəkkil, məktəblərin kitabxanasına lazımi ədəbiyyatlar və müasir texniki avadanlıqlar hədiyyə edib.

Bilik günü Cocuq Mərcanlıya gələn Müvəkkil Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov ilə birgə şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olub, müəllim və şagirdlərlə, valideynlər və kənd sakinləri ilə görüşüb, onları təbrik edərək xoş arzularını bildirib. O, mütəmadi olaraq bu kəndə gəldiyini, ölkə Prezidenti tərəfindən dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkəmizin davamlı inkişafına xidmət edən uğurlu siyasəti nəticəsində geniş islahatların aparıldığını, insan hüquq və azadlıqlarının, o cümlədən uşaqların təhsil hüquqlarının təmin edildiyini diqqətə çatdırıb.

E.Süleymanova dayandığımız bu yolların Cocuq Mərcanlıya, Şuşaya doğru apardığını söyləyib, dövlət başçısının qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində Cocuq Mərcanlıya qayıtdığımız kimi, hazırda işğal altında olan digər torpaqlarımıza da qayıdacağımızı bildirib.

Müvəkkil məktəbin kitabxanasına uşaqlar üçün kitablar hədiyyə edərək, müəllim və şagirdlərin bu kitablardan yararlanmasını, dərs prosesində geniş istifadə edilməsini, həmçinin şagirdlərin rus və digər xarici dilləri mükəmməl öyrənməsini tövsiyə edib.  

Daha sonra Cocuq Mərcanlı Kənd Uşaq bağçasına gələn Müvəkkil uşaqlarla görüşmüş, təqdimatlarını dinləmiş, burada müxtəlif yaş qruplarında uşaqlar üçün yaradılmış şərait ilə yaxından tanış olmuş, uşaqlara maraqlı jurnallar və oyuncaqlar hədiyyə olunmuşdur.

O, uşaqların ən ümdə maraqlarının təmini baxımından müəssisə rəhbərliyinə öz tövsiyələrini verib.  
E.Süleymanova Cocuq Mərcanlıda tikilmiş və Azərbaycan mədəniyyətinin nadir abidələrindən biri Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərimizin ruhuna dualar oxunub, arzu olunub ki, yaxın zamanlarda torpaqlarımız işğaldan azad edilsin və o torpaqlarda ibadətlər keçirilsin.

Müvəkkil 1994-cü ilin aprelindən Cocuq Mərcanlıda yaşayaraq, vətənpərvərlik və fədakarlıq göstərmiş Oqtay Həziyevin ailəsinə də baş çəkmiş, ailə üzvləri ilə səmimi söhbət edərək onlara xoş arzularını bildirib.
Ombudsman səfəri çərçivəsində Müdafiə Nazirliyinin təmas xəttində yerləşən N saylı hərbi hissəsinə gələrək, düşmənlə üzbəüz cəsarətlə dayanan əsgər, gizir və zabitlərlə də görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

O, hərbçilər qarşısında çıxış edərək, 1994-cü ildə Prezident Heydər Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan Ordusunun cəbhənin Füzuli istiqamətində həyata keçirmiş uğurlu Horadiz əməliyyatından, habelə ölkəmizin inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Daha sonra, Müvəkkil Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində azad edilmiş strateji yüksəklik olan Lələtəpədə Dövlət bayrağımızın sancılmasının soydaşlarımızda böyük qürur hisslərini yaşatdığını söyləyib.
Müvəkkil Aprel qələbəsinin özülündə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasətin, ölkəmizdə ilk dəfə olaraq hərbi sənayenin yaradılması və qısa müddətdə əldə edilmiş nailiyyətlərin, müasir hərbi texnika, sursat və avadanlıq istehsal etməklə ölkənin hərbi potensialının gücləndirilməsin, xalqına sadiq hərbi kadrların yetişdirilməsinin durduğunu bildirib.

Müvəkkil qeyd etmişdir ki, biz gələcəyə inamla baxırıq və inanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğrur və əzmkar ordumuz tərəfindən Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, qaçqın və köçkünlərimiz məcburi tərk etdikləri torpaqlarına qayıdacaq, bərpa olunmuş şəhərlərdə, kəndlərdə yenidənqurma və inkişaf proseslərinə qatılaraq həyat sürəcəklər. Bu inamın ciddi əsasları var. Ən əvvəl, tarixən qısa ya uzun çəkən münaqişələr, müharibələr hər zaman güclü liderlərin sarsılmaz iradəsi nəticəsində sülhlə nəticələnib.

Bütün bunlar işğal altında olan torpaqlarımıza, o cümlədən Şuşaya qayıdacağımıza inamı daha da artırır. Azərbaycan Ordusu bizə Lələtəpə zəfəri kimi yeni qələbələr yaşadacaq!
Daha sonra hərbi hissənin obyektlərinə, o cümlədən yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə baxış keçirilmiş, şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.

Səfər çərçivəsində Müvəkkilə müraciət etmiş vətəndaşlar da qəbul olunmuş və müraciətlərin çoxu yerində müzakirə olunmaqla həll olunub.