“Uşaq dərsdən çox müəllimənin qısa geyimindən və dodaq boyasından danışır”- ARAŞDIRMA
    • 19-09-2019, 14:03
    • 1 932

“Uşaq dərsdən çox müəllimənin qısa geyimindən və dodaq boyasından danışır”- ARAŞDIRMA

Dərs ili açılar-açılmaz ötən illərdən qalan narazılıqlar yenidən gündəmə gəlib. Valideynlərin əsas şikayətlərdən biri də müəllimlərin geyimidir.

Bununla əlaqədar News24.az-a danışan valideyn Əfruzə Əliyeva bildirib ki, övladı 2-ci sinifdə oxuyur: “Qızımın müəlliməsi qısa ətək geyinir, bahalı qır-qızıl taxır, qıpqırmızı dodaq boyası çəkir. Uşaq evə gələn kimi dərsindən, tapşırıqlarından çox müəllimənin geyimindən, taxdığı əşyalardan danışır.  Olmaz axı.. Bilmirəm, uşağımızı moda öyrənməyə göndəririk, yoxsa dərs oxumağa”.

Digər valideyn Mehriban Səfərova (ad şərtidir) da məktəbdə həm müəllimin, həm də dərs hissə müdirinin geyimindən narazıdır: “Biri dodağını şişirdib, o biri də elə kiprik qoyub ki, az qala yerə dəyir. Dırnaqları da elə uzundur, elə bil gözümüzü çıxaracaq, həddən artıq ənlik-kirşan. Müəllimə də elə köynək geyinir ki, bütün sinəsi çöldə qalır. Belə biabırçılıq olmaz, elə bil təhsil ocağı yox, hansısa səviyyəsiz yerdi…"
 
Məlumat üçün bildirək ki, Azərbaycanın orta ümumtəhsil müəssisələrində vahid məktəbli geyimləri tətbiq olunsa da, bu qayda müəllimlərə şamil edilmir. Bəs, görəsən, dünyadakı orta məktəblərdə bu məsələ necə tənzimlənir? 

Xarici ölkələrdə müəllimlər necə geyinir? 

Məsələn, Pakistanda müəllimlərin "dress kod"a (müəyyən peşə qrupuna aid geyim forması) riayət etməməsini təsəvvür etmək çətindir. Burada uzun illərdir müəllimlər milli geyimdə olurlar və cəmiyyətin qınaq obyekti olmaqdan ehtiyat edirlər. Pakistanda qaydalar çox sərtdir. Geyimin əsas atributu hicab sayılır, bədənlərinin hər hansı hissəsi görünə bilməz. 

Türkiyədə isə müəllimlərin geyimi ədəb normaları və zövq nəzərə alınmaqla tətbiq edilir. Burada da baş örtüyü ilə məktəbdə dərs deyən müəllimlərin sayı artmaqdadır. İstanbul Universitetindən birindən bildirilir ki, müəllimlər çox ciddi geyinir, amma bununla bağlı rəhbərliyin hər hansı əmri yoxdur. Bir qayda olaraq ya dəst, ya da köynək geyinilir. Ən əsası odur ki, müəllim səliqəli geyinsin. 

ABŞ-da ölkə miqyasında dress kodun zəruriliyi barədə vahid fikir yoxdur. Bu məsələlər hər bir ştatın, yaxud dairənin səlahiyyətinə daxildir. Lakin son illər bu mövzu ilə bağlı müzakirələr artmaqdadır. Uşaqlara münasibətdə forma tələbi artdıqca, müəllimlər üçün də müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlayır. Bu təşəbbüs ştatların özündən və dairələrdən deyil, valideynlərdən gəlməyə başlayır. Bu məsələdə ən mühafizəkar mövqe tutanlardan biri Arizona ştatıdır. Ötən illərdə məktəblərdən biri onun ardınca təhsil dairələri müəllimlərə qısa ətək, şortik cəlb edən, yaxud şəffaf paltar geyməyi qadağan etmişdi. 

Nyu- York ştatında bir məktəbdə isə cins geyinmək qəti qadağan olunub. Bəzi məktəblərdə kişi müəllimlərinə bığ, saqqal saxlamaq, qadınlarda isə bəzək-düzək, kəskin makiyaj yasaq edilib. Lakin “dress kod”un pozulmasına qarşı ciddi cəzalar yoxdur. Amma bununla belə, müəllimlər uyğun olmayan geyimdə gələrsə, ya paltarını dəyişməsi üçün evə göndərilir, ya da nizam - intizam məsuliyyətinə cəlb edilir. 

Koreyada isə geyimlə bağlı rəsmi tələblər olmasa da, hesab edilir ki, müəllim hamı üçün nümunə olmalıdır, ciddi və təmiz geyinməlidir. Siz burada şortik, mini yubka və həddən artıq zinət əşyları taxan müəllimlərə rast gələ bilməzsiz. İctimai rəy və valideyn iclasları da burada mühüm rol oynayır. Bu qaydalar yalnız xarici dilləri tədirs edən müəllimlərə şamil olunmur. 

Braziliyada müəllimlərin “dress kodu”nu məktəb rəhbərliyi, bələdiyyə məktəblərində mer, universitetlərdə isə rektor müəyyən edir. Geyim normasının pozulmasına görə müəllimlər bir günlük təhsildən kənarlaşma, töhmət və cərimə tətbiq edilməklə cəzalana bilər. Amma iqlim şəraitindən asılı olan ərazilərdə isə müəllimlər dərsə cins geyimdə, köynəkdə və ya futbolkada gələ bilər. 

İsraildə havaların isti keçməsinə baxmayaraq, Təhsil Nazirliyi bir neçə dəfə “dress kod” tətbiq etməyə cəhd edib. Əsasən qızların açıq geyimlərinə məhdudiyyətlər var. Narazılıqlara baxmayaraq, ictimai yerlərdə, xüsusən məktəblərdə ədəb qaydalarına riayət edilməsi tələb olunur. 

Müəllim şou adamı deyil... 

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Azərbaycanda müəllim geyimi ilə bağlı məsələ bir neçə dəfə gündəmə gətirilsə də, bununla bağlı hər hansı tədbir görülməyib: “Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif peşə sahiblərinin xüsusi geyimləri var. Nəyə görə müəllim üçün xüsusi geyim olmasın?! Azərbaycanda məktəbli geyimi haqqında əmr var. Amma müəllimlərin geyimi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Şübhəsiz ki, müəllimin geyimi ciddi, rəsmi olmalıdır, fərqlənməlidir. Digər tərəfdən bizim mentalitet var. Vahid müəllim forması olmadığına, qanunvericilikdə bu nəzərdə tutulmadığına görə, hansısa müəllimi geyiminə görə ittiham etmək, yaxud ona qarşı hər hansı bir cəza tətbiq etmək və yatənbeh etmək olmur. Amma şübhəsiz ki, müəllimin geyimi intizamdır, mədəniyyətdir. Ona görə də, hesab edirəm ki, müəllim klassik formaya üstünlük verməlidir. Müəllim şou əhli deyil axı. O, açıq-saçıq geyinərsə, əlbəttə ki qınağa səbəb olacaq. Çünki müəllim ən şərəfli peşədir və biz ona etalon kimi baxırıq. Müəllimin geyimində hər hansı bər-bəzək yolverilməzdir. 
Xüsusən qadınlar şəhər məktəblərində öz geyimlərini nümayiş etdirmək üçün gəlirlər, bunun üçün toy var, digər yerlər var. Məktəbdə imkan daxilində ciddi geyinməlidirlər”. 

"Xüsusən şəhər məktəblərində müəllimlər öz geyimlərini nümayiş etdirmək üçün işə gəlirlər..."

N.İsrafilov onu da əlavə edib ki, bir müddət əvvəl Sumqayıt məktəblərində qadınlar üçün ayrıca, kişilər üçün ayrıca müəllim forması tətbiq olundu: “Amma sonra davam etdirilmədi. Bunu hansısa kollektivlər könüllü şəkildə etsə, sözsüz ki o biri məktəb də baxıb edəcək. Beləlilklə də, məsələ ictimailəşər, gündəmə gələr. Bizdə bütün peşə sahiblərinin demək olar ki, geyim forması var. Biz axı “müəllim nümunədir” deyirik. Nəyə görə müəllim geyiminə görə də nümunə olmasın? Dünya ölkələrində ayrı-ayrı universitetlərdə tələbələr formalar geyinirlər. Bu məsələ gündəmə gətirilsə, ictimailəşsə, rayon, şəhər üzrə müsbət nəticə əldə edilə bilər, təlim-tərbiyə prosesinə də böyük təsir edə bilər”. 

Bakı Dövlət Unuversitetinın gender və tətbiqi psixoloqiya kafedrasının dosentRövşən Cavadov isə bildirir ki, müəllimin geyimi uşaqlar üçün modeldir: “Dərs deyən şəxs elə olmalıdır ki, onun geyimi, davranışı şagirdlərin diqqətini başqa yerə yönəltməsin. Eyni zamanda çox səliqəli olmalıdır. Çünki müəllim təpədən-dırnağadək uşaqlar üçün modeldir. Geyim, davranış modeli. Hər kəsi öz arxasınca apara biləcək nümunə. Həmin nümunəvi şəxs adət- ənənəni də nəzərə almalıdır. Müəllim açıq -saçıq geyimdə şagirdin qarşısında oturarsa, o bunu bir nümunəvi davranış, nümunəvi geyim  kimi qəbul edəcək. O cür də geyinəcək. Getdikcə də, cəmiyyət çılpaqlaşacaq”. 

"Müəllimlər üçün vahid geyim forması müəyyən olunmayıb"

Mövzu ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən məsələyə belə münasibət bildirdilər: "Ümumtəhsil məktəblərində müəllimlər üçün vahid geyim forması müəyyən edilməyib".
  
Afaq Mirayiq