Ən stresli peşələr: həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik
    • 19-09-2019, 23:28
    • 634

Ən stresli peşələr: həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik

Emosiyaların “kükrəməsinin” izahı çox sadədir.
News24.az -ın məlumatına görə, sən demə, ünsiyyət tələb edən peşələr, məsələn, həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik müəyyən mənada təhlükəli, hətta sağlamlıq üçün ziyanlı peşələrdir. Belə peşələrin təhlükəli olması daim danışmaq və vəziyyətə uyğun hərəkət etmək zərurətinin yaratdığı sinir pozğunluğu ilə bağlıdır.
Vaxt keçdikcə psixika güclü emosional sarsıntı yaşayır. Elə güclü sarsıntı ki, müəyyən məqamda, boş yerdə mənasız bir səbəb ucbatından insanı özündən çıxarır.
Bu problemə ilk dəfə Birləşmiş Ştatlarda diqqət yetiriblər. Sosial xidmət sahəsində çalışanlar vaxtaşırı özlərini qeyri-adekvat aparır, ətrafdakılarla kobud rəftar edir, tabeliyindəki adamların üstünə haqlı-haqsız qışqırırlar. Nəticədə sinirlər pozulur. Alimlər belə halları ümumiləşdirib statistik məlumatlar toplamış və müəyyən qənaətə gəliblər.
Elədiklərinin əvəzini görməyən insanların emosional ehtiyatı gec-tez tükənir. Belə insanlar hər şeyə biganə olur, düşkünlüyə qapılır, yaxud əksinə, külli miqdarda zəif narkotik – qəhvə, çay, siqaret və şirni qəbul edirlər. Belə insanlar baş ağrılarından, yuxusuzluqdan əziyyət çəkir, doyunca yatmır, gün ərzində yorğun olurlar və təbii ki, düşdükləri vəziyyətin səbəbini enerjilərini tükəndirən “vampirlərdə” axtarırlar. Daha zəif insanlar isə intihara meyil edirlər.
Stresdən qaçmağın ən yaxşı yolu ruhdan düşməmək, başqalarının problemlərindən uzaq olmaqdır. Çünki problem həmişə neqativ deməkdir. Bunun üçün tabeliyinizdəki ziyankar adamlarla ünsiyyəti məhdudlaşdırmaq, həmkar və peşəkarlardan onlarla dil tapmağın yollarını öyrənmək, emosional sağlamlığı qorumaq lazımdır. Bir sözlə, siz işdəsiniz, peşəkarsınız, müvafiq üsullardan istifadə edirsiniz və baş verənləri əsla ürəyinizə yaxın buraxmırsınız.