“Ən tanınmış xanəndələrimiz orda yer tuta bilmədi, amma mən...” FESTİVALIN QALİBİ PƏRVİZ QASIMOV - VİDEO
    • 8-10-2019, 17:39
    • 751

“Ən tanınmış xanəndələrimiz orda yer tuta bilmədi, amma mən...” FESTİVALIN QALİBİ PƏRVİZ QASIMOV - VİDEO

“Son on ildə bu festivalda Azərbaycanı bir çox tanınmış xanəndə təmsil edib, amma heç biri yer tuta bilməyib. On bir ildən sonra bu birincilik mənə qismət oldu”.

Bu sözləri “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında I yerə layiq görülən gənc xanəndə Pərviz Qasımov News24.az-a açıqlamasında deyib. 

P.Qasımov ona olan ümidləri doğrultduğunu bildirib: “Təklif professorumuz, Xalq artistimiz, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimidən gəldi. Məni bu müsabiqədə iştirak etməyə layiq gördü.  Sağ olsun, əmin idi ki, mən orda Azərbaycanı layiqli təmsil edə biləcəm. Həm onun, həm də mənə etimad göstərənlərin ümidləri doğrultdum. Yetmiş beş ölkə arasında Azərbaycan birinci oldu. 

Bizim çıxışımız festivalın birinci günü gecə on ikinin yarısına təsadüf elədi. Müsabiqəyə üç ay hazırlaşdıq. Respublikamızın əməkdar artisti, Milli Konservatoriyanın kafedra müdiri, tarzənimiz Malik Mansurova, əməkdar artist Elşən Mansurova və nağara ifaçısı Ramin Abdullayevə təşəkkürümü bildirirəm. Üç ay ərzində hər gün altı saat gərgin məşq edirdik. Bunu görmək lazım idi. O qədər tərləyirdik ki, dörd köynək dəyişirdik.
Festival üçün “Şur” kompozisiyasını hazırladıq. Münsiflər və tamaşaçılar bizi ayaq üstə alqışladı. Azərbaycanın adı çəkiləndə qürur hissi keçirdim və kövrəldim. Bu, böyük xoşbəxtlikdir ki, Azərbaycan muğamını daima yüksəkdə tuturuq. Muğama göstərilən bu diqqət, qayğıya görə prezidentimiz cənab İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm. Onlar Azərbaycan muğamanın ikici həyat verdilər 2005-ci ildə müğam erası başladı. Muğamın yüksəlişi, YUNESKO-ya salınması, tarımızın təsdiq olunması...”.

P.Qasımov onu da qeyd etdi ki, vaxtilə bu festivalda (1997-ci ildə) Xalq artisti Simarə Qasımova Qran-Pri qazanıb. Onun bu uğurunu mərhum sabiq prezidentimiz Heydər Əliyev Əməkdar artist adına layiq görməklə qiymətləndirdi. Ayrı-ayrı vaxtlarda Xalq artistləri Alim Qasımov, həmçinin, Aygün Bəylər, Qoçaq Əsgərov da bu festivalda iştirak ediblər. Alim Qasımov birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar. Yəni bu müsabiqədə iştirak edən hər kəs “Əməkdar artist” adına özünü sığortalayır: “Fəxri ad sənətçini daha da irəli addımlamağa, məsuliyyətli və ciddi sənətlə məşğul olmağa sövq edir. Səni bu ada təqdim edəndə həyəcanlanırsan, çalışırsan ki, daha da yaxşı çıxış edəsən. Deməsinlər ki, fəxri ad aldı, oxuya bilmədi”.

Xanəndə oxumaq həvəsinin və gözəl səsin ona nəsillikcə keçdiyindən də danışıb: “Babamın, nənəmin və atamın gözəl səsi olub. Sadəcə, bu sahə ilə məşğul olmayıblar. Dövlət işində çalışıblar. Ona görə də bu estafeti öz üzərimə götürmüşəm. Mən muğam oxuyarkən yaşayıram”.
“Sosial şəbəkələrdə çox vaxt “xanəndədən çox idmançıya oxşayırsınız” kimi fikirlər yazırlar. Buna münasibətiniz necədir?” sualını P.Qasımov belə cavabladı: “Hə, bəzən “instagram”da xoşgəlməz yazılar görürəm. Deyirlər ki, bu boyda idmançıdır, bədəninə bax, muğam oxuyur. Bizdə belə bir şey var ki, özlərində olmayanı başqasın ayıb kimi görürlər. Mən sosial şəbəkədə gün ərzində beş dəqiqədən artıq vaxt keçirmirəm. Ora boş-bekar insanların yeridir. Çünki, peşəkar işlə məşğul olan şəxs “İnstagram” və “Facebook”-a vaxt ayıra bilməz”. 

Teymur Məmmədov
Video: Fərid Şabanov