"Bu il M.A.P. festivalında premyeralara daha çox yer ayrılacaq" - FOTOLAR
    • 10-10-2019, 16:48
    • 680

"Bu il M.A.P. festivalında premyeralara daha çox yer ayrılacaq" - FOTOLAR

Paytaxtda M.A.P Beynəlxalq Teatr Festivalı start götürüb.

News24.az xəbər verir ki, festivalın açılışı ilə əlaqədar Yarat Müasir İncəsənət Mərkəzində mətbuat konfransı baş tutub.

Tədbirdə "YARAT" bədii direktoru Suad Qarayeva - Maleki, M.A.P. festivalının bədii direktoru Kamran Şahmərdan, "Bakcell" şirkətinin baş icraçı direktoru Rainer Rathgeber, "Priyut Komedianta" teatrın direktoru Viktor Minkov, rejissoru Mixail Bıçkov iştirak ediblər.

Tədbiri açıq elan edən Suad Qarayeva bildirib ki, sözügedən festival artıq üçüncü dəfədir təşkil olunur və ölkəmizin mədəni həyatında önəmli rol oynuyur. Bu il 12 ölkədən 18 tamaşa nümayış olunacaq. Əvvəlki illərdə olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrində təqdim olunacaq. Proqram ənənəvi olaraq öz zənginliyi ilə göz oxşayacaq.

Açılış tədbirində bildirilib ki, M.A.P. festivalı gənc aktyorları, rejissorları, dramaturqları biraraya gətirir. Onların yaradıcılıq yollarında böyük təcrübə kimi yaddaşlarında həqq olunacaq. 

Festivalın rejissoru Kamran Şahmərdan layihənin növbəti proqramlarından söhbət açıb. O, bildirib ki, açılışda "Dəli yığıncağı" tamaşası nümayış olunacaq. Tamaşa Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında səhnəlləşdirilib. Rejissor səhnə əsərini müasir cəmiyyət üçün aktual mövzularla, musiqi və enerji ilə zəngilləşdirib.

Rejissor onu da qeyd edib ki, bu il premyeralara daha çox yer ayırılacaq.

Daha sonra "Priyut Komedianta" teatrın direktoru Viktor Minkov çıxış edib. O, teatrlarının yaradıcılığından danışıb. Bildirilib ki, mədəniyyət ocağı "Podolskdan olan adam" pyesini Azərbaycan səhnəsində nümayış etdirəcək.

Qeyd edək ki, üçüncu M.A.P. festivalı oktyabrın 20-dək davam edəcək.

Sevda Bayramova
Foto-Fərid Şabanov