“Ərim azyaşlı oğlumu narkotik almağa məcbur edir” - KÜÇƏLƏRDƏ QALAN ANANIN FƏRYADI  – VİDEO- FOTO
    • 17-10-2019, 13:44
    • 1 586

“Ərim azyaşlı oğlumu narkotik almağa məcbur edir” - KÜÇƏLƏRDƏ QALAN ANANIN FƏRYADI – VİDEO- FOTO

“Neçə vaxtdır ki, oğlumla küçələrdə qalmışıq. Atamın aldığı evə girə bilmirəm. Keçmiş ərim həmin evə sahiblənib. Ora məhəllədəki narkomanları yığır. Bizi içəri buraxmır, hər dəfə evə girmək istəyəndə məni döyür. Bu nə vaxta qədər belə davam edəcək?!”.
Bu, sözləri Larisa Soltanova deyir. 

O, son ümid yeri kimi News24.az-a üz tutub. Dediyinə görə, yoldaşı Şakir Soltanovla tanış olanda onun narkotik istifadəçisi olmasından xəbərsizmiş:  “2015-ci ildə tanış olmuşuq. Onun qardaşı bizim həyətdə kirayədə qalırdı. Orda məni görüb bəyəndi, evləndik. Narkotikdən istifadə etdiyini, ümumiyyətlə, bu yolun adamı olduğunu bilmirdim. Sən demə, çəkirmiş. Getdikcə onun bu pis vərdişləri daha da gücləndi, axırda “iynəyə oturdu”. Evə yad adamları gətirirdi, bütün gecə səhərə qədər “çəkirdilər”, üstəlik, başqalarına “mal” satırdılar. Mən də onun bu hərəkətlərini gördükcə dəli olurdum. Bu işdən çəkindirməyə çalışırdım. Amma heç bir faydası olmurdu. Ağzımı açıb bir kəlmə deyən kimi məni döyürdü. Uşağımın gözünün qabağında məni vururdu.



Evdəki vəziyyətimi atama dedim, o da çarəsiz qalıb mülkünü satdı, Hövsanda (Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi 117) mənim adıma 3 otaqlı ev aldı. Üstəlik, cehiz aldı, evi lazım olan hər şeylə təmin elədi. Şakirin sənədlərində problem olduğu üçün rəsmi nikahı gec, 2015-ci ildə bağladıq. Əskərlikdən qaçdığına, həbsdə olduğuna görə sənədləri qaydasında deyildi. Amma nə atamın ev alması, nə oğlumuzun dünyaya gəlişi onu dəyişmədi. Yenə də məni döyüb, söyürdü, günlərlə uşağımla küçələrdə qalırdıq”.

Beləliklə də, Larisanın ailə ilə bağlı bütün xəyalları puç olub: “Arzularım yarıda qaldı, istəyirdim qadın kimi mən də xoş gün görəm, gözəl ailəm olsun, həyat yoldaşımla əl-ələ verib balamızı böyüdək, amma olmadı... Ailəmizdə 3 bacı, bir qardaş idik. Anamı tez itirmişəm. Özümü dərk edəndən çalışmışam, təkcə 25 il “Aztelekom”da operator işləmişəm. Evlənəndən sonra da işdən çıxmadım. Yoldaşım profilaktoriyada işləyirdi. Amma maaşını görmürdüm. Evi özüm düzəltdirdim, əziyyətlə qazanıb çatmayan əyər-əskiyini həll elədim. Gördüm, operator maaşım dolanışığımıza çatmır, ordan çıxdım. Evlərə təmizliyə getməyə başladım. Onun-bunun evində işləyib ev qurdum, amma ömrümü paylaşdığım adam o evi viranə qoydu...” 

Larisanın sözlərinə görə, 2018-ci ildə boşanmaq üçün sənədləri məhkəməyə verib: “Boşandıq, amma yenə də ondan qurtula bilmədim. Nə illah eləyirəmsə, onu evdən çıxara bilmirəm. Narkomanlarla birləşib evdəki bütün əşyaları satıblar. Unitaz, evin qapıları, ələ gələn nə varsa, hər şeyi... Gətirdiyim cehizdən bir çöp belə qalmayıb. Ev bom-boşdur. İndi özümü də içəri buraxmır. Evim ola-ola uşağım orda-burda qalır. Ən dəhşətlisi odur ki, narkotik aludəçiliyinə görə dəfələrlə tutulsa da, az sonra azadlığa çıxıb. Onun əməllərindən qonşular da narazıdır. Deyirlər, gecə narkomanları yığır, səhərə kimi səs, küy, dava, hamını narahat edir. Heç kim qorxusundan şikayət edə bilmir. Sentyabrın 23-ü polislər evi basıb, görüblər evdə 5 nəfərdirlər, hamısını tutublar, “malları” zirzəmidə saxlayırmışlar, 30 günlük həbs ediliblər. Evə dəona görə indi gələ bilmişəm. İndi qorxum odur ki, yenə həbsdən çıxacaq. Hər dəfə o həbsə düşəndə qapı-pəncərəni düzəltdirirəm, evi səliqəyə salıram, o çıxan kimi, qapı- pəncərəni qırıb evə girir. 
Larisa indi yalnız övladının həyatı üçün narahatdır: “Mənim həyatımı puç elədi. Daha özüm üçün heç nə arzulamıram. Ancaq oğlumu fikirləşirəm. Uşağımı atasından, onun pis əməllərindən uzaq böyütməyə çalışıram: “Oğlumu özü ilə İrana aparırdı, onun yanında narkotik maddə alırdı. Qonşu binadan “mal”ı almaq üçün uşağl yollayırdı. Siqaret qutularında narkotik satırlar. Uşaq onların hamısını görürdü. Narkomanları evə yığırdı. Oğlum onların hamısını tanıyırdı. Onların nə yolun yolçusu olduğunu burda hər kəs bilir. Hələ də anlamıram ki, onları niyə tutmurlar... Uşağın gözünün qabağında iynə vururdular. Belə şeylərə görə onu evdə qoyub işə gedə bilmirdim, ürəyim qalırdı ki, birdən oğlumun başına iş gələr. Məcbur olub, uşağı da özümlə işə aparırdım. İndi kim harda sığınacaq verirsə, orda qalıram. Oğlumun 11 yaşı var. Amma ağlı kəsəndən stress yaşayıb. Qorxu, həyəcan içində böyüyüb. O da istəyir hamı kimi anası, atası olsun. Mənə tez-tez deyir, “İstəyirəm atam olsun, hamı kimi ailəmiz olsun, bir yerdə gəzməyə gedək”... 

Larisa söhbət əsnasında bizdən müsahibə zamanı üzünün göstərilməməsini rica etdi: “Oğlum mənim belə bir müsahibə verməyimi istəmir. Çünki o, sinif yoldaşları soruşanda deyib ki, atam yoxdur, ölüb”. Uşaq atasına görə tay-tuşlarından utanır. Mən də onun üzülməsini istəmirəm. Asmma başqa carəm qalmayıb. Tək mübarizə aparmaqdan yorulmuşam. Oğlumun gələcəyi, onun yaxşı insan kimi böyüməsi üçün mənə dəstək, yardım lazımdır.
Larisa bu məsələdə ölkə başçısı İlham Əliyevdən, birinci vitse-president Mehriban Əliyevadan yardım istəyir: “Prezidentimiz İlham Əliyevdən, Mehriban xanım Əliyevadan acizanə şəkildə mənə kömək göstərmələrini xahiş edirəm. Mənə uşağımı öz evimdə, normal mühitdə böyütməyimə yardım edin. Dövlətimiz üçün yaxşı vətəndaş, əskər yetişdirmək istəyirəm. Küçələrdə uşağa necə tərbiyə vermək, normal insan yetişdirmək olar? Yaxud başqalarının evində gecələməklə mən ona hansı gələcəyi verə bilərəm? Mənə yardım edin, rica edirəm”. 

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik, qurumdan məsələni araşdırıb cavab veriləcəyi bildirildi. 

Söhbətləşdi: Afaq Mirayiq 
Video Montaj-Adil Ağayev
VİDEO-FOTO-Fərid Şabanov