Kəbirə Məmmədovanın "Binə" hökmranlığı - "pul tələləri"
    • 24-08-2018, 11:38
    • 2 546

Kəbirə Məmmədovanın "Binə" hökmranlığı - "pul tələləri"

Kəbirə Məmmədovanın «Binə» Ticarət Mərkəzində elektrik diskriminasiyası — kiçik sahibkarlara hansı «pul tələləri» qurulur?

Zaman — zaman məşhur «Binə» Ticarət Mərkəzində ticarətçilərin üzləşdikləri haqsızlıqlarla bağlı çox deyilib, çox yazılıb. Sahibkar xanım Kəbirə Məmmədovanın rəhbərlik etdiyi TM — də ticarətlə məşul olan şəxslərin burada baş verən qanunsuzluqlara, əsassız pul tələblərinə qarşı kütləvi etirazlarının da şahidi olmuşuq. Lakin, bütün bunlara baxmayaraq, Qafqaz regionunun ən böyük bazarlarından sayılan «Binə»də neqativ hallar davam etməkdədir. Sözügedən ticarət mərkəzində müşahidə və müsahibələr aparıb bazar rəhbərliyinin əsas və əlavə gəlirləri barədə təsəvvürlərimizi dəqiqləşdirməyə çalışdıq. Öyrəndik ki, sahibkarlara istifadəyə verdikləri hər mağaza üçün 50 -150 min manat pul alıblar. Ümumən, mağazaların sayı təqribən 5000 — dir (5000 x ortalama 100.000 man. = 500.000000 man. ).

Bu da edir beş yüz milyon manat. Elə adamlar var ki, onlar üçün mağaza tikiləcək vədi verilərək qabaqcadan pulları alınıb, amma inşa edilmir. Bundan başqa, ən kiçik ölçülü, 40 kvadrat-metrlik birmərtəbəli mağazalar üçün ayda 950, eyni sahəyə malik ikimərtəbəlilər üçünsə 1150 manat icarə haqqı toplayırlar (Orta hesabla 1050 manat edən icarə haqqını bazarda fəaliyyət göstərən 5000 subyekt sayına vuranda 52.500000 manat edir. Yəni, hər ayda təxminən 52 milyon manat). Əlavə olaraq, 10 manat «mühafizə pulu» (5000 x 10 man. = 50.000 man.), işləməyən kassa üçün aylıq 6 manat «servis pulu» (5000 x 6 man. = 30.000 man.) tələb olunur. Guya kassaları hər ay gəlib təmir edirlər. Hər bir mağaza üçün 250 manat sadələşdirilmiş vergi, 195 manat rüblük sosial sığorta haqqı yığılır. Əraziyə daxil olan maşınlara giriş — çıxış üçün 0,50 man. haqq alınır. Gəlin görək, «Binə» Ticarət Mərkəzinin infrastrukturunda mühüm yer tutan elektrik enerjisi ilə təminat səviyyəsi nə yerdədir. Tacirlər bildirirlər ki, iş günü ərzində elektrikin verilmə vaxtı səhər saat 7:00-dən axşam 19:00-a dək olduğu halda, bəzən təmir adı altında üç-dörd saat işığı söndürürlər. Sayğacları da özləri quraşdırmırlar ki, işıq maxinasiyası ilə yığılan pulun yarıdan çoxunu mənimsəyə bilsinlər. Satıcılardan biri bildirir ki, bazar təzə açılanda sayac quraşdırmışdılar: «Sayğac on lampaya ayda 10 manat pul yazırdı. Sonradan qəsdən sayğacları mağazalardan yığışdırdılar. Bundan sonra elektriklə işləyən hər cihaza ayrı qiymət kəsdilər. Məsələn, on ədəd 100 vattlıq elektrik lampası üçün 65 manat, 11-ci və daha artıq lampanın hər biri üçün ayda əlavə 5 manat, 200 vattlıq əlavə lampalar üçün 10 manat, 60 vattlıq kondisioner üçün 52 manat, daha böyükləri üçün 100 manat pul toplamağa başladılar». Görünən budur ki, bazar rəhbərliyi ticarətçilərdən təkcə vaxtaşırı artırdığı icarə haqlarını yığmaqla kifayətlənmir, hər vəchlə onlardan əlavə pullar qoparmağa çalışır. Şahidi olmuşuq ki, ticarətçilərin mallarının qorunması da etibarlı təmin olunmur. Belə ki, bazarda dəfələrlə yanğın hadisəsi baş verib, sahibkarlara külli miqdarda ziyan dəyib, ödənilməsi məsələsində bazar rəhbərliyi yaxasını qırağa çəkib.

Bir neçə satıcı ilə söhbətimizdə bildirdilər ki,artıq cana doymuşuq. Biz bunların əlindən evimizə çörəkpulu apara bilmirik. Bir dəfə satıcılar bazarda üsyan qaldırdılar.Polisin əli ilə camaatı sakitləşdirdilər ki, narahat olmayın, hər şey yaxşı olacaq.Əksinə, yaxşı olmaqdansa vəziyyət daha da acınacaqlı oldu. Onlar bildirirlər ki, satıcılar bu dəfə sözü bir yerə qoyublar ki, hamı bir nəfər kimi Prezident Aparatının qarşısında mitinq keçirməyi planlaşdırmışıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə çalışsaq da, buna nail ola bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik.

//Deryaz.az