Xalq rəssamı Bədurə Əfqanlının SƏRGİSİ AÇILIB - FOTOLAR
    • 23-10-2019, 15:52
    • 1 180

Xalq rəssamı Bədurə Əfqanlının SƏRGİSİ AÇILIB - FOTOLAR

Ötən gün Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.

News24.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgidə rəssamın yaradıcılığına həsr olunmuş "Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar" kitabının təqdimatı da keçirilib. Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgidə Azərbaycanın ilk qadın teatr rəssamı Bədurə Əfqanlının müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlərin, onun yaradıcılığı ilə bağlı çap olunmuş materialların nümayiş etdiriləcəyini bildirib. Bədurə xanımın şəxsi arxivindən götürülən əlyazmaların, fotolarının ilk dəfə sərgilənəcəyini vurğulayıb. O, eyni zamanda təqdimatı keçirilən “BƏDURƏ ƏFQANLI – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında rəssamın teatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizlərinin toplandığını diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva çıxışı zamanı Bədurə Əfqanlını Azərbaycanın təsviri sənət tarixində müstəsna yeri olan sənətkar kimi dəyərləndirib: “Bədurə Əfqanlı yaradıcı ömrünün 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr edib. O, bu sahələr üzrə olduqca dəyərli əsərlər yaradıb, Azərbaycan teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Qeyd etməliyik ki, ötən əsrin ikinci yarısında formalaşan rəqs, geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır”. S.Məmmədəliyeva təqdim olunan “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında zəngin yaradıcılığa malik rəssamın sənətə gəldiyi dövrdən (1933) sonrakı 70 ildən artıq müddətdə fəaliyyətinin öz əksini tapdığını vurğulayıb. Kitabın nəşrini rəssamın irsinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib. “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli XX əsr Azərbaycan rəssamlıq, teatr, kino, rəqs sənətini Bədurə Əfqanlısız təsəvvür etməyin mümkünsüz olduğunu bildirib: “Onun yaratdığı əsərlər bir məktəbdir və bu məktəb daim yaşayacaq. Bu günə qədər “Leyli və Məcnun” tamaşaları üçün geyimlər hazırlanarkən vaxtilə Bədurə Əfqanlının yaratdığı eskizlərdən istifadə olunur. İndiyədək Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və digər rəqs qrupları rəssamın eskizləri əsasında geyimlər tikir və onu örnək kimi görürlər”. R.Gülməmmədli Bədurə Əfqanlının rəqs sənətinə ilk dəfə xəlqilik gətirdiyini də xüsusi vurğulayıb. Tədbirdə milli musiqilərimiz səsləndirilib, “Naz eləmə” və “İnnabı” rəqsləri ifa olunub. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi oktyabrın 28-dək davam edəcək.