Oktyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Qarabağ Azərbaycandır!" devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, UNEC və "Səs" Media Qrupunun birgə təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Tədbirdə çıxış edən UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov bildirib: "Elə bir Azərbaycan vətəndaşı tapılmaz ki, respublikamızın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi üçün canından keçməyə hazır olmasın. Hər bir vətəndaşımız bu məqsədə nail olmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdır. Çünki Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycan dövlətinin deyil, bu torpaqda yaşayan hər kəsin, eləcə də biz müəllimlərin, tələbələrin, universitetimizdə çalışan hər bir texniki işçinin, əməkdaşın da arzusu, amalı, problemidir".

Rektor qeyd edib ki, doğma Qarabağın geri qaytarılması məramı xalqımızı Azərbaycan dövlətinin və Prezidentinin ətrafında sıx birləşdirən başlıca dəyərə, milli birliyə və vətəndaş həmrəyliyinə çevirib. UNEC-in 20 minlik kollektivi də həmişə bu məqsədə xidmət edib. Biz xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olduğumuzu bu gün bir daha bəyan edir və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək milli birlik və vətəndaş həmrəyliyi nümayiş etdiririk. "Qarabağ Azərbaycandır!" çağırışı hər bir UNEC-çinin də şüarına çevrilib və hər birimizin fəaliyyət istiqamətidir.

Tədbirin təşkilinə görə minnətdarlığını bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, "Qarabağ Azərbaycandır!" şüarı son günlər ölkəmizdə milli ideya səviyyəsinə yüksəlib. “Biz bu gün üçrəngli bayraqların işığında sabahımıza yönələn fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və bu ərazidə yaşamalı olan, lakin Azərbaycanın və dünyanın müxtəlif regionlarında çətin şəraitdə yaşayan hər bir soydaşımızın doğma evlərinə, yurduna qayıdışını təmin etməliyik. Bu təminatı yaratmaq, bu hədəfi reallaşdırmaq üçün Azərbaycan dövləti hələ ulu öndər Heydər Əliyevin dövründən lazım olan ilkin addımları atıb.

1994-cü ilin Horadiz əməliyyatında Horadiz və ətraf 22 kəndin işğaldan azad olunması Ermənistanın və onun havadarlarının Azərbaycan ilə artıq silah gücündə danışmağın mümkün olmadığını sübut etdi. Ötən müddətdə Azərbaycan həm hərbi, həm siyasi, həm də iqtisadi qüdrətini artırmaqla düşmən üzərində növbəti ardıcıl qələbələr qazandı və Qarabağın Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu, Azərbaycanın öz torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyini bütün dünyaya qəbul etdirdi. Bu gün bütün dünya bu həqiqəti anlayır ki, Qarabağ heç zaman Ermənistanın ola bilməz, Qarabağ heç zaman müstəqil ola bilməz, Qarabağ Azərbaycanın tərkib hissəsidir, əzəli və əbədi torpağıdır", - deyə B.Muradova bildirib.

B.Muradova xüsusi vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Lələtəpə və digər istiqamətlərdə qazanılan qələbə müasir Azərbaycan Ordusunun regionun ən güclü ordusu və kiçik bir zərbə ilə böyük qələbələr qazanmaq imkanında olduğunu göstərməklə yanaşı, Ermənistan ordusu haqqında yaranmış mifi puç elədi. 2016-cı ildən ötən müddətdə qazanılmış hərbi qələbənin üzərinə Prezident İlham Əliyev iki böyük diplomatik qələbəni əlavə etdi. Biz bir daha dünyaya "Qarabağ Azərbaycandır" nidası ilə səsləndik. Bu, həqiqətən, həm Ermənistanı, həm də onun havadarlarını Azərbaycanın bugünkü gücü ilə hesablaşmaq məcburiyyətində olduğunu bir daha dərk etməyə gətirib çıxartdı. Bizi isə bu vəzifəni qısa müddətdə yerinə yetirməyə, öz gücümüzə inanmağa, hədəflərimizə doğru inamla getməyə ruhlandırdı. "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatının arxasında hər bir gəncimiz bir nida işarəsi kimi hazır olmalıdır. Bizim hər birimiz bu nidanın arxasındayıq və elə onun özüyük. Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik uğurlarla qarşımıza çıxardığı bu hədəfə doğru addımlamalıyıq. Hamımız ümumi Azərbaycan naminə bütöv hərəkatın tərkib hissəsi olmalı, Azərbaycan Ordusunu dəstəkləməli, ölkəmizin iqtisadi inkişafını, ictimai-siyasi sabitliyini qorumalıyıq. Bu gün "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarı daha ucadan səslənməlidir.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasının sessiyasındakı qətiyyətli çıxışında səsləndirdiyi "Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikrinin artıq bir şüara çevrildiyini vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin həmin bəyanatı Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılanıb və ordumuz qarşısında yeni tapşırıqlar qoyub.

Döyüş mövqeyindən - Lələtəpədən birbaşa tədbirə gələn hərbi qulluqçu, Aprel döyüşlərinin iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli gizir Tahir Misirxanovun "Prezident İlham Əliyev Qarabağ Azərbaycandır nidasını qoydu. Ali Baş Komandanın rəhbərliyi altında “Qarabağ Azərbaycandır!” çağırışına Azərbaycan əsgəri öz layiqli töhfəsini verməyə, xalqımızı qələbə müjdələri ilə sevindirməyə hər an hazırdır. Hər birinizə Vətən, torpaq, bayraq və Azərbaycan sevgisi arzulayıram" fikirləri alqışlarla qarşılanıb.

Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, “Səma” rəqs ansamblının, solistlərin iştirakı ilə "Qarabağ Azərbaycandır!", “Biz gedirik Qarabağa!”, “Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiyalar nümayiş etdirilib.

Sonda UNEC-in kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

"Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Biz, UNEC-in 20 min nəfərlik kollektivi Sizə səmimi salamlarımızı yetirərək, Azərbaycan naminə möhtəşəm xidmətlərinizdə bundan sonra da yorulmaz fəaliyyət arzulayırıq. Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi və bu ümidləri layiqincə doğruldan müdrik Prezidentimiz, qətiyyətli Ali Baş Komandanımızsınız. Müasir müstəqil Azərbaycanımızın qurucusu Ulu Öndərimizdirsə, onun daha da inkişaf etdirilərək, dünyanın ən gözəl, sabitlik və əmin-amanlıq içərisində yaşayan dövlətlərindən birinə çevrilməsi məhz Sizin adınızla bağlıdır. Bütün xalqımız kimi UNEC-in kollektivi də Sizi sevir, məqsədyönlü daxili və xarici siyasətinizi bir nəfər kimi dəstəkləyir.
Möhtərəm Prezident!
3 oktyabr 2019-cu ildə Sizin Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısındakı qətiyyətli və məğrurcasına çıxışınız bütün dünyanı heyrətləndirdi və bütün xalqımız kimi UNEC kollektivinin də böyük ruh yüksəkliyinə səbəb oldu. Bir daha əmin olduq ki, torpaqlarımız uzun müddət düşmən tapdağında qala bilməz.
"Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
Cənab Ali Baş Komandan!
Ermənistan siyasi-hərbi rəhbərliyinin sərsəm bəyanatlarına tutarlı cavabınız çox cəsarətli, qətiyyətli mesaj idi. Belə bir kəsərli cavabla yalnız xalqımızı, millətimizi daim firavan, xoşbəxt gələcəyə inamla aparan, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da müstəsna xidmətləri olan Ali Baş Komandanımız cənab İlham Əliyev çıxış edə bilərdi və çıxış edərək düşmənin sərsəm açıqlamalarına yerindəcə cavab verdi: "Qarabağ Azərbaycandır və nida işarəsi!"
Biz UNEC-çilər milli hərəkata çevrilən ideya ətrafında, bir bayraq altında, dövlətimizin başçısının rəhbərliyi altında daha sıx birləşir və hər bir əmrinizə hazır olduğumuzu bəyan edirik!
Müstəqilliyimiz kimi, birliyimiz, həmrəyliyimiz bundan sonra da əbədi, sarsılmaz və dönməz olacaqdır!"

Qeyd edək ki, tədbirin ssenari müəllifi və quruluşçu rejissoru, Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanidir.

Video

Fotolar

Teglər: Müdafiə Nazirliyi Qarabağ Azərbaycandır Tədbir Azərbaycan
Kotanli