Mehriban Əliyeva: birinci xanım olmağın məsuliyyəti və sərhəd tanımayan xeyirxahlıq
    • 25-08-2018, 14:24
    • 1 164

Mehriban Əliyeva: birinci xanım olmağın məsuliyyəti və sərhəd tanımayan xeyirxahlıq

Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva milyonlarla insanın sevgisini qazanıb. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Talassemiyaya tutulmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz humanitar layihələri ilə ölkə sərhədlərinin hüdudlarından kənarda da populyarlaşıb.

Birinci xanım və Birinci vitse-prezident

Bütün ölkələrdə dövlət başçılarının həyat yoldaşları birinci xanım adlandırılır. Amma onların bir çoxu kölgədə qalmağı, sakit həyat sürməyi üstün tutur, ölkənin problemlərindən uzaq durmağa çalışır. Yaxud bəziləri yalnız xarici səfərlər zamanı gözə dəyir, cəmiyyət arasına nadir hallarda çıxırlar.
Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva 15 ildir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox böyükmiqyaslı tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik. Sanki belə də olmalıymış. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması zərurət, yaxud görüntü naminə deyil, təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür. Sərhəd tanımayan humanistlik, xeyirxahlıq, insanpərvərlik Azərbaycanın birinci xanımını fərqləndirən əsas keyfiyyət və ayrıca söhbət mövzusudur.
Birinci xanım olmaq bəxtəvərlikdir, yoxsa daşınması heç də asan olmayan yük? Mehriban xanımın fikrincə, bu, çox məsuliyyətli yükdür və o, birinci xanım olmasını, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirir.
Təsadüfi deyildi ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılandı. Bundan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışarkən deyirdi: “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. İnanırdı ki, bu məsul vəzifənin öhdəsindən gələ biləcək.
Həmin vaxtdan təxminən ilyarım keçir. O vaxt qeyd etdiyi kimi, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Xatırlayın, Birinci vitse-prezident kimi, ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Müvafiq qurumlar qarşısında məsələni belə qoydu ki, bu sahədə işlər iki istiqamətdə qurulmalıdır: yeni mənzillər, yeni binalar tikilməli və inşa olunan binalar keyfiyyət standartlarına tam cavab verməlidir. İlkin mərhələdə qarşıda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etməkdir.
Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməli qoyuldu. Daha sonra qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verildi. İş adamlarının yardımı ilə 214 ailə yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Çox keçmədən Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda tikilən yeni binalar istifadəyə verildi və beləliklə, daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı. Bu, son müddətdə Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil.
Mehriban Əliyevanın parlamentin deputatı olduğu zaman və Heydər Əliyev Fonduna rəhbərlik etdiyi 14 ildə qazandığı təcrübə yeni vəzifənin öhdəsindən uğurla gəlməsinə çox kömək edir. Özünün də dediyi kimi, çünki bu, seçicilərlə, insanlarla ünsiyyətin, problemlərin həllinə necə nail olmağın, hər hansı bir problemin həlli yollarının tapılmasının böyük təcrübəsidir.
Digər mühüm bir məqam isə UNESCO və ISESCO-nun xoşməramlı səfiri olaraq topladığı təcrübədir.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatının - UNESCO-nun xoşməramlı səfiri seçilən ilk azərbaycanlı qadındır. O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki davamlı səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadiqliyinə görə layiq görülüb. 2004-cü il avqustun 13-dən etibarən onun xoşməramlı səfir kimi məhsuldar fəaliyyəti nəticəsində Azərbaycan-UNESCO əməkdaşlığında yeni dövr başlayıb.
Azərbaycanı dünyada, beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqətlə çulğaşdıran, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban xanımın fəaliyyəti mənsub olduğu xalqa sevgidən qaynaqlanır. O, ilk növbədə, Vətəninə xidmət edir, onun tərəqqisinə çalışır, gələcəyini düşünür. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun təşviqinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına istiqamətlənib.
Mehriban Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.
“Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”, - Mehriban Əliyevaya ünvanlanmış bu sözləri təşkilatın sabiq baş direktoru İrina Bokova deyib. Doğrudan da, Azərbaycanın birinci xanımının ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətləri var. Onun təşəbbüsü və dəstəyi ilə UNESCO və Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib. Xoşməramlı səfir kimi xeyriyyəçilik fəaliyyəti çox keçmədən Azərbaycan sərhədlərini aşaraq, bir çox xarici ölkələri də əhatə edib. Təsadüfi deyil ki, bu humanistlik və həyata keçirilən qlobal layihələr təkcə Azərbaycan xalqı tərəfindən deyil, bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük maraqla qarşılanır. Onun aramsız səyləri və nüfuzu sayəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına, Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətləri, Novruz bayramı, dolma, lavaş və kəlağayı, Lahıc misgərlik sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, çövkən oyunu isə UNESCO-nun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Yeri gəlmişkən, Azərbaycanın birinci xanımının UNESCO-nun xoşməramlı səfirləri arasında çox böyük nüfuzu var. Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir, onun gördüyü işləri xoşməramlı səfirlər üçün örnək hesab edirlər. 2010-cu ildə II Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən UNESCO-nun sabiq baş direktoru İrina Bokova bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə xoşməramlı səfir Mehriban Əliyevaya “Qızıl Motsart” medalını təqdim edib.
UNESCO-nun xoşməramlı səfiri seçiləndən iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkib və 2006-cı il noyabrın 24-də 51 müsəlman dövlətinin təmsil olunduğu İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – ISESCO-nun da xoşməramlı səfiri adına layiq görülüb.
Xoşməramlı səfir olaraq gördüyü işlərdən danışan Mehriban Əliyeva deyir: “Təbii ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək”.
Qəlbin səsi və hökmü ilə
Mehriban xanım ixtisasca həkimdir. Həyatı elə gətirib ki, artıq çoxdandır öz peşəsi ilə məşğul olmur. Amma fəaliyyətinin hər bir sahəsində, xüsusən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində həkimlik peşəsindən irəli gələn prinsipləri əsas götürür. Özünün dediyi kimi, həkimlik ruh və qəlblə bağlı olan peşədir, dərdə şərik olmaq və şəfqət elmidir. İnsanların halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir.
Biz Mehriban xanımın qəlbinin səsi və hökmü ilə hərəkət etməsinin, insanların dərdinə şərik çıxmasının, ehtiyacı olanlara kömək əli uzatmasının şəxsən şahidiyik. Heydər Əliyev Fondunun fəaliyyətində xeyriyyəçilik önəmli yer tutur. Talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbul edilməsi, bu xəstəliyə tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılması və bu qəbildən olan daha neçə-neçə layihə məhz Mehriban Əliyevanın təşəbbüsüdür. Fonda bu və ya digər problemin həlli barədə çoxsaylı məktublar gəlir. Kimsə bəzən şəxsi xahişlə, kimsə səhhətindəki problemlə bağlı müraciət edir. Fond azacıq imkan olan yerdə heç kəsdən köməyini əsirgəmir. Fondun və onun rəhbərinin ümumxalq sevgisi və hörməti qazanmasının bir səbəbi də məhz budur. Milli Məclisin deputatı olduğu 14 ildə parlamentdəki işini xeyriyyəçilik fəaliyyəti ilə bilavasitə əlaqələndirib. Deyir ki, şəfqət təkcə gözəl söz deyil, əsl şəfqət real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir.
Humanizm prinsiplərinə daim sadiqlik nümayiş etdirən Mehriban Əliyevanın təşəbbüsü ilə dövlət başçısı tərəfindən neçə-neçə əfv fərmanı imzalanıb. Beləliklə, cinayət törətmiş minlərlə məhbus azad həyata qayıtmaq, ailələrinə, yaxınlarına qovuşmaq, cəmiyyətdə öz yerlərini tapmaq imkanı qazanıb.
Mehriban Əliyeva stereotiplərə qarşı
Şərq aləmində uzun illər belə bir stereotip mövcud olub: siyasətlə məşğul olmaq kişi işidir. Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti, bir-birindən parlaq uğurları ilə bu stereotipi sındırır. O, ölkənin bütün ictimai-siyasi həyatında yaxından iştirak edir: üç çağırış Azərbaycan parlamentinin deputatı olub, sıralarında ölkənin 700 minə yaxın vətəndaşını birləşdirən ən böyük partiyanın – Yeni Azərbaycan Partiyasının sədr müavinidir. 14 ildən çoxdur ki, Heydər Əliyev Fonduna rəhbərlik edir. Onun rəhbərliyi və təşkilatçılığı ilə 2012-ci ildə Bakıda “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, 2015-ci ildə ilk Avropa Oyunları, ötən il isə IV İslam Həmrəyliyi Oyunları çox uğurla keçib, dünyaya səs salıb. Azərbaycanın idman ölkəsi kimi tanınmasında da Mehriban xanımın misilsiz xidmətləri var.
Bu gün Azərbaycan bəşəriyyəti düşündürən qlobal humanitar problemlərin müzakirə olunduğu mərkəzə çevrilib. Dünyada böyük maraqla qarşılanan beynəlxalq forumların yüksək təşkilatçılığından söz düşəndə Mehriban Əliyevanın adı ilk sırada çəkilir. 2016-cı ildə Azərbaycanın və AZƏRTAC-ın ev sahibliyi ilə keçirilən mötəbər beynəlxalq media forumları da bu qəbildəndir. Kollektivimiz Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu tədbirlərin təşkilinə göstərdiyi dəstəyi daim minnətdarlıq hissi ilə xatırlayır. Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının yüksək təşkilatçılıq səviyyəsinə görə dünya media tarixinə yazılması məhz bu dəstək sayəsində mümkün olub.
Mehriban Əliyeva digər bir stereotiplə - rəhbərin mütləq quru, vəzifə adamının sərt insan olması barədə formalaşmış fikirlə də razılaşmır. Hesab edir ki, bunlar heç də vacib keyfiyyət deyil. Müsahibələrindən birində bu barədə danışarkən belə deyib: “Düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”.
Birinci xanımın insanlıq barədə düşüncələri də yetərincə aydın və məntiqlidir. Deyir ki, insan üçün ən dəhşətlisi biganəlik və laqeydlikdir: “Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə bu, həmişə doğru yoldur”.
Analıq missiyası və ailə ocağının hərarəti
Birinci xanım, Birinci vitse-prezident, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti... Üstəgəl analıq missiyası, ailə qayğıları. 
Mehriban Əliyeva nəinki hər biri böyük məsuliyyət və vaxt tələb edən dövlət işlərinin, ictimai işlərin öhdəsindən bacarıqla gəlir, eyni zamanda, bir ana, evdar xanım olaraq həyatının bu hissəsinə yetərincə diqqət ayıra bilir. Yəni, məsələ heç də işin çoxluğunda, vəzifə yükünün ağırlığında deyil, düzgün tarazlıq və tənasüb tapmaqdadır. Daim bu tənasübü tapmağa çalışan Mehriban xanım deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.
Gərgin iş qrafikinə və daşıdığı ictimai yükün ağırlığına baxmayaraq, Mehriban xanım qayğıkeş övlad, həyat yoldaşı və ana olaraq qalır. Müsahibələrinin birində qeyd edir ki, o, işdə də, evdə də prinsipcə eyni adamdır və dəyişməyə ehtiyac görmür. Dediyinə görə, xörək bişirməyi çox sevir. Milli xörəklərlə yanaşı, Avropa yeməkləri də bişirir. Onun üçün ən gözəl istirahət yeri, dincəldiyi məkan məhz evinin mətbəxidir.
Birinci xanımın ailə həyatına münasibətdə özünəməxsus baxışları və prinsipləri var. O, qətiyyən istəmir ki, ailəsinə göstərdiyi diqqət arxa plana keçsin: “Əlbəttə ki, mən, ilk növbədə, öz həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim beş nəvəm var və həyatımın bu sahəsinə göstərdiyim diqqətin ikinci plana keçməsini qətiyyən istəmirəm. Qətiyyən yox. İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də buna nail olacağam”.
Mahiyyət etibarilə lider qadın olan Mehriban Əliyevaya bənzərsiz bir tale qismət olub. Azərbaycanda hamının yaxşı tanıdığı bir ailədə doğulub, boya-başa çatan Mehriban xanım görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin və “Bakı”–“Baku” qəzetlərinin yaradıcısı, istedadlı pedaqoq Nəsir İmanquliyevin nəvəsi, tanınmış alim Arif Paşayevin və Azərbaycanın ilk şərqşünas qadın alimlərindən biri Aida İmanquliyevanın qızı, xalqımızın ulu öndəri Heydər Əliyevin və oftalmoloq-alim Zərifə Əliyevanın gəlini, Prezident İlham Əliyevin həyat yoldaşıdır. Onun işə, vəzifə borcuna münasibəti, həyata və ailəyə baxışları, yüksək insani keyfiyyətləri mənsub olduğu ailədən və nəsildən, əhatəsindəki insanlardan qaynaqlanıb. O insanlardan ki, hər biri, ilk növbədə, Vətənini, xalqını düşünüb, bu yolda yorulmadan çalışıb. Mehriban Əliyeva da daim onu düşünür ki, öz ölkəsi üçün nə edə bilər. Buna görə də birinci xanım statusunun üzərinə qoyduğu yükü sadəcə zərurət xatirinə daşımır, hansı sahədə olursa-olsun, üzərinə düşən vəzifələri səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir.
Bütün bunlar adekvat reaksiya doğurur: insanlar birinci xanımı sevir və onu dəstəkləyirlər, ona inanırlar. Bu barədə danışan Mehriban Əliyeva deyir: “Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax, bu, həqiqətən də mənə real inam, güc verən amildir”.
Bu gün Azərbaycanın birinci xanımının və Birinci vitse-prezidentinin ünvanına ad günü münasibətilə çoxsaylı təbrik məktubları gəlir. News24.az-ın kollektivi də bu səmimi təbriklərə qoşulur, Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür və ailə səadəti, Prezident İlham Əliyevin qüdrətli, nüfuzlu dövlətə çevirdiyi Azərbaycanın inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

//Azərtac